Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şəki şəhərində və yaxın yaşayış məntəqələrində su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin yaxşılaşdırılması layihəsinin həyata keçirilməsi üçün 89 milyon avroya qədər suveren kredit ayıracaq.
“İki sahil” AYİB-ə istinadən xəbər verir ki, bank su təchizatı, tullantı sularının axıdılması və yağış sularının kanalizasiya sistemlərinin müasir şəbəkələrinin, eləcə də şəhər və kənd əraziləri üçün bioloji təmizləmə qurğularının tikintisini maliyyələşdirəcək. Layihə Şəki şəhərini, eləcə də yaxınlıqdakı Oxud, Kiş və Qoxmuq kəndlərini əhatə edəcək.
“Layihənin məqsədi əhalinin fasiləsiz şəkildə keyfiyyətli içməli suya çıxışını təmin etmək, tullantı sularının təmizlənməsi sisteminin səmərəliliyini artırmaq, həmçinin daşqın risklərinə qarşı infrastrukturun dayanıqlığını gücləndirməkdir.
Layihənin həyata keçirilməsi ətraf mühitin çirklənmə səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa, səthi suların keyfiyyətini yaxşılaşdırmağa və regionun iqlim dəyişikliklərinin nəticələrinə qarşı dayanıqlığını artırmağa imkan verəcək.
Layihənin ümumi dəyəri 93 milyon avro təşkil edir. Borcalan tərəf Azərbaycan, benefisiar isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir”, – məlumatda qeyd olunur.
Bu ilin doqquz ayı ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb