İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., proffessor Vüsal Qasımlı "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində açılış nitqi ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, V.Qasımlı bildirib ki, bu gün biz təkcə yeni bir tədbirin deyil, həm də Türk dünyasının sığorta və texnologiya tarixində yeni bir mərhələnin başlanğıcını qeyd edirik: "Bu sammitin əsas məqsədlərindən biri regionda vahid, innovativ və dayanıqlı “InsurTech” ekosisteminin formalaşdırılması istiqamətində ortaq yol xəritəsini müəyyənləşdirməkdir.
Bununla yanaşı, bu sammitin əsas dəyəri onun birləşdirici missiyasındadır. Belə ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası kimi qardaş ölkələrin nümayəndələrinin bu gün burada bir araya gəlməsi bilik mübadiləsi, əməkdaşlıq fəaliyyəti və ortaq innovasiya vizyonu üçün əvəzsiz platforma yaradır. Əminəm ki, sammit çərçivəsində qurulacaq əməkdaşlıqlar sığorta sektorunun ölkələrarası inteqrasiyasına, rəqəmsal transformasiyanın sürətlənməsinə və regionun maliyyə sabitliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.
Hesab edirəm ki, Türk dövlətlərinin paylaşdığı ortaq mədəni, tarixi və iqtisadi köklər rəqəmsal əməkdaşlıq və innovasiya tərəfdaşlığının formalaşması üçün möhkəm baza təşkil edir. Bu gün qarşıda duran vəzifə həmin bazanı texnoloji üstünlüyə çevirməkdir. Sığorta sektorunun rəqəmsallaşması sadəcə texniki yenilənmə deyil, etimadın, şəffaflığın və dayanıqlılığın müasir formatıdır.
Hər birimizə məlumdur ki, “InsurTech” sahəsi sığorta sənayesində həm daxildən, həm də xaricdən transformasiya prosesini sürətləndirmək üzrə mühüm mərhələdədir. Rəqəmsal sığorta inqilabının əsasını təşkil edən ideyaların, aktual tendensiyaların və təşviqedici amillərin anlaşılması bu günədək heç vaxt olmadığı qədər mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, qlobal “InsurTech” bazarının həcmi 2025-ci ildə 36 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Proqnozlara əsasən isə bu rəqəm sürətlə artaraq 2034-cü ilə qədər təxminən 610 milyard ABŞ dollarına çatacaq. Bu dinamika sığorta sektorunda rəqəmsal innovasiyaların nə qədər böyük transformativ potensiala malik olduğunu bir daha təsdiqləyir.
Bu sammit mənim üçün daha bir xüsusi məna daşıyır. Çünki elmi redaktoru olduğum “InsurTech” adlı dərs vəsaiti ilk dəfə olaraq ölkəmizdə nəşr edilmiş və bu gün sizin diqqətinizə təqdim olunur. Bu vəsait “InsurTech” ekosistemi ilə bağlı ölkəmizdə ilk fundamental akademik mənbə kimi çıxış edir və sahənin tanınmış ekspertlərinin ən dəyərli ideya və təkliflərini bir araya toplayır.
Dərs vəsaitinin ərsəyə gəlməsində əməyi keçmiş bütün müəlliflərin zəhməti, peşəkar biliyi və təcrübəsi bu kitabın həm elmi dəyərini, həm də praktiki tətbiq imkanlarını zənginləşdirir. Ümid edirəm ki, bu vəsait oxucuları yalnız nəzəri biliklərlə silahlandırmayacaq, onları sığorta ekosistemində strateji düşünən, innovasiyaya açıq, praktiki bacarıqlara sahib mütəxəssislərə çevirəcək bənzəri olmayan bir mənbə olacaqdır.
Sonda bu sammitin təşkilatçılığına dəstək verən Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Sığortaçılar Assosiasiyasına, Türk Dünyası Sığorta Birliyinə və bütün tərəfdaş qurumlara təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, bu sammit yeni layihələrə, strateji tərəfdaşlıqlara və uzunmüddətli əməkdaşlıqlara qapı açacaq, Türk dünyasının “InsurTech” potensialını qlobal səviyyədə nümayiş etdirəcəkdir.
Diqqətinizə görə təşəkkür edir, hər birinizə məhsuldar işgüzar müzakirələr və uğurlu əməkdaşlıqlar arzulayıram!"