29 oktyabr 2025 11:04
130

“Azexport” portalı Asiya regionunda 15 ən yaxşı nümunədən biri seçilib

Asiya İnkişaf Bankı (ADB), Asiya İnkişaf Bankı İnstitutu (ADBI) və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə əməkdaşlığı ilə Yaponiyanın paytaxtı Tokioda  “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” (Asian Think Tank Network Forum 2025) keçirilir.

“İki sahil” xəbər verir ki, "Rəqəmsal və elektron ticarət vasitəsilə əlçatanlığın və inklüzivliyin təmin edilməsi" mövzusunda təşkil edilən Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “Azexport” portalının fəaliyyəti barədə təqdimatla çıxış edib.

Ramil Hüseynin və portalın rəhbəri Ayxan Qədəşovun hazırladığı “Hökumət iqtisadi artımı sürətləndirmək üçün rəqəmsal və elektron ticarətdən necə istifadə edir: Azərbaycan nümunəsində” (How Government Leverages Digital Trade and E-Commerce to Boost Economic Growth: A Case Study from Azerbaijan) mövzusundakı  təqdimat  “Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025” təşkilatçıları tərəfindən Asiya regionu üzrə 15 ən yaxşı nümunədən biri seçilib.

Qitənin ən böyük beyin mərkəzləri platformasında müxtəlif ölkələri təmsil edən tədqiqatçıların qarşısında çıxış edən Ramil Hüseyn bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ildə yaradılan “Azexport” portalı indiyədək dünyanın 150-dən artıq ölkəsindən müxtəlif kateqoriyalar üzrə ixrac sifarişi qəbul edərək yerli sahibkarlara yönləndirib. O, portalın “Mtradeverse” şirkəti ilə birgə həyata keçirdiyi Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verib və bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.

Sessiyanın sual-cavab mərhələsində “Azexport” modelinin digər ölkələrdə tətbiqi imkanları ilə bağlı təklif və təşəbbüslər irəli sürülüb.