30 oktyabr 2025 07:55
120

Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş Səmərqənd şəhərində baş tutub.

Bəxtiyor Saidov azərbaycanlı həmkarı ilə görüşü səmimi və konstruktiv adlandırıb:

"Danışıqlarımız Özbəkistan və Azərbaycan - ortaq tarix, dil və dəyərlərlə birləşən iki xalq arasında sıx dostluq, qarşılıqlı hörmət və etimad əlaqələrini bir daha təsdiqləyib. Biz ticarət, nəqliyyat, enerji, təhsil, mədəni mübadilə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq, strateji tərəfdaşlığımızı və müttəfiqlik münasibətlərimizi qardaş xalqlarımızın rifahı naminə gücləndirməkdə davam etmək barədə razılığa gəldik".

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.