Baş nazir Əli Əsədov oktyabrın 30-da Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.
Cari ilin sentyabr ayında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin imzalanması ilə Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Parlamentlərarası münasibətlərə də toxunularaq, parlament səviyyəsində qarşılıqlı səfərlərin və hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının hərtərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.
Görüşdə Azərbaycan ilə BƏƏ arasında ticarət-iqtisadi, investisiya, bərpaolunan enerji, neft-qaz, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.