31 oktyabr 2025 00:58
136

13-cü Xəzər Enerji Forumu: "Yaşıl keçid"ə gedən yolun Bakı zirvəsi

Burada səslənən hər fikir, verilən hər təklif və imzalanan hər sənəd “yaşıl sabahın” Azərbaycan modelinin qurulmasına xidmət edir

Azərbaycan artıq qlobal enerji və iqlim siyasətinin passiv iştirakçısı deyil, əksinə, istiqamətverici aktorlarından biridir. Onilliklər boyu neft ölkəsi kimi tanınan Azərbaycan indi yaşıl enerji və ekoloji məsuliyyət fəlsəfəsini regional və beynəlxalq miqyasda təşviq edən bir mərkəzə çevrilib. COP29 məhz bu reallığın siyasi və iqtisadi təcəssümü idi. Bakı sammiti qlobal iqlim danışıqlarının yeni mərhələsini açdı. Əgər əvvəlki dövrlərdə iqlim gündəliyi əsasən ianələr, öhdəliklər və sənəd müzakirələri ilə məhdudlaşırdısa, COP29 real transformasiya istiqamətlərini göstərdi. Azərbaycanın təşəbbüsü ilə keçirilən müzakirələrdə diqqət daha çox konkret nəticələrə, tərəfdaşlığa, texnologiya transferinə və “yaşıl maliyyə”nin reallaşmasına yönəldi. Bu, iqlim məsələlərinin abstrakt çağırışdan çıxaraq, praktik inkişaf modelinə çevrilməsi demək idi.

Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etməsi, həm infrastruktur, həm təhlükəsizlik, həm də məzmun baxımından mükəmməl şəkildə idarə etməsi ölkəmizin beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı. Bakı bu dəfə yalnız diplomatik platforma rolunda çıxış etmədi; şəhərin özü, onun yeni nəsil ekoloji layihələri, yaşıl nəqliyyat təşəbbüsləri və enerji keçidi strategiyası konfransın ruhunu ifadə edən canlı bir nümunəyə çevrildi. COP29-un təcrübəsi bir daha göstərdi ki, Azərbaycanın gücü təkcə enerji resurslarında deyil, həm də onları düzgün, strateji və məsuliyyətli şəkildə idarə etməsindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti artıq neft dövrünün məntiqindən çıxaraq postneft mərhələsinin reallıqlarına uyğunlaşır. Bu siyasət həm sosial rifahı təmin edir, həm də beynəlxalq etimadı möhkəmləndirir. Azərbaycanın enerji diplomatiyası indi həm iqlim, həm iqtisadiyyat, həm də təhlükəsizlik siyasətinin ayrılmaz tərkib hissəsidir.

Elə bu kontekstdə bu günlərdə Bakıda keçirilən 13-cü Xəzər Enerji Forumu da qlobal enerji gündəliyində mühüm bir mərhələ kimi tarixə düşdü. Bu Forum təkcə regional enerji müzakirəsi deyildi, artıq uğurla başa çatmış COP29 və yaxınlaşan COP30 kimi beynəlxalq tədbirlər fonunda Azərbaycanın oynadığı strateji rolun yeni təsdiqi idi. Enerji keçidi, bərpaolunan mənbələrin inkişafı, “yaşıl enerji dəhlizi”nin reallığa çevrilməsi və dövlət-biznes əməkdaşlığının yeni formatları bu dəfə Xəzər regionunun enerji gələcəyini müəyyənləşdirən əsas mövzulardan oldu.

Forumun məqsədi sadəcə fikir mübadiləsi aparmaq deyildi. Burada iştirak edən dövlət, biznes və beynəlxalq təşkilatların nümayəndələri bir məqamda həmfikirdilər: Azərbaycanın təşəbbüsləri sayəsində regionda enerji təhlükəsizliyi ilə yanaşı, iqlim sabitliyi və ekoloji məsuliyyət anlayışı da yeni məna qazanır. COP29-a ev sahibliyini uğurla reallaşdırmış Bakı bu dəfə də qlobal enerji debatının mərkəzinə çevrildi və göstərdi ki, Azərbaycan dünyanı təkcə dialoqa deyil, əməli nəticələrə də çağırır.

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sözləri ilə desək, ölkəmiz regionun yeni enerji xəritəsinin formalaşmasında həm istehsalçı, həm də mühüm tranzit rolu oynayır. Qarabağda və Şərqi Zəngəzurda bərpaolunan enerji üzrə layihələrin gerçəkləşdirilməsi, eləcə də Xəzər dənizinin külək potensialından istifadə Azərbaycanı “yaşıl enerji”nin regional mərkəzinə çevirir.

Bu yanaşma ölkəmizi yaşıl enerjinin regional mərkəzinə çevirir və həm iqtisadi, həm də diplomatik müstəvidə yeni imkanlar açır.

Enerji keçidi təkcə texnoloji deyil, həm də iqtisadi və sosial prosesdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva forumdakı çıxışında qeyd etdi ki, ölkəmiz qlobal iqlim dəyişikliklərinə adaptasiya üzrə öz məqsədlərini həyata keçirir. Bərpaolunan enerji mənbələrinin və onların daşınması infrastrukturunun inkişafının Azərbaycana “yaşıl enerji”nin tranzit mərkəzinə çevrilmək imkanı yaratdığını vurğulayan rəis müavininin sözlərinə görə, “yaşıl iqtisadiyyat”a keçid iqtisadi modernləşmə, innovasiyalar və uzunmüddətli rəqabət qabiliyyətinin formalaşması deməkdir.

Maraqlı bir məqam da ondan ibarətdir ki, forumda enerji siyasəti ilə iqtisadi tənzimləmə arasında əlaqə xüsusi vurğulandı. Samirə Musayeva siyasi və ictimai maarifləndirmənin, izahat kampaniyalarının aparılmasının vacibliyinə diqqət çəkərək bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda “yaşıl iqtisadi zona”ların yaradılması, eləcə də “yaşıl sənaye parkları”nın formalaşdırılması və işə salınmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan dövlətinin bərpaolunan enerji istehsalı təşəbbüslərinin əsas dəstəkçisi olduğunu xatırladan rəis müavini onu da bildirib ki, ölkəmizin Avropa İttifaqına ixrac edəcəyi məhsulların 0,4 faizinə “karbon vergisi” təsir göstərəcək. Onun sözlərinə görə, Avropa İttifaqında yeni qəbul olunmuş sadələşdirilmə mexanizmləri nəzərə alınsa, ümumiyyətlə, bu təsirlər kifayət qədər az olacaq.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin çıxışı forumun ən perspektivli istiqamətlərindən biri olan hidrogen enerjisi mövzusuna həsr olundu. O bildirdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı hidrogen enerjisi üzrə yol xəritəsinin hazırlanmasında Azərbaycana dəstək göstərir. Onun sözlərinə görə, AYİB hidrogen enerjisinin inkişafı üzrə yol xəritələrinin hazırlanması çərçivəsində ölkəmizlə fəal əməkdaşlıq edir və sözügedən yol xəritələri bu sahədə gələcək layihələr üçün təməl rolunu oynayacaq. Agentlik direktoru daha sonra deyib ki, bank artıq Azərbaycan tərəfinə həm maliyyə, həm də ekspert dəstəyi göstərir və sənədin ətraflı və icraya yönəlmiş formada hazırlanması üçün beynəlxalq konsaltinq şirkətinin seçimi prosesi yekun mərhələyə çatıb. O, həmçinin xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan hidrogen enerjisinin inkişafı üzrə öz baxışını və geniş beynəlxalq maraq doğuran strateji sənədini təqdim edib.

Forumun digər diqqətçəkən hissəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov çıxış edərək, “yaşıl keçid” prosesində kiçik və orta bizneslərin roluna xüsusi diqqət çəkdi. Onun sözlərinə görə, ölkənin elektrik enerjisi və əlaqəli sektorlar üzrə istehsal və təchizat sahəsində 300-dən artıq KOB subyektinin fəaliyyət göstərdiyini diqqətə çatdıran agentlik rəhbərinin sözlərinə görə, həmin müəssisələrdə 14 minə yaxın işçi çalışır və 2023-cü ilin göstəricisinə əsasən 900 min manata yaxın məhsul istehsalı qeydə alınıb.

Forumda çıxış edən Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal ölkəmizin yaşıl enerjiyə keçidini dəstəkləyən maliyyə mexanizmlərindən danışıb. Qeyd olunub ki, AİB hidrogen də daxil olmaqla yeni texnologiyalar, enerji istehsalı və şəbəkə infrastrukturu sahələrinə investisiya qoyur və “yaşıl istiqrazlar” və zəmanətlər vasitəsilə özəl kapitalı cəlb edir. Sunniya Durrani-Camal deyib ki, AİB 25 ildən artıq fəaliyyəti ərzində Azərbaycana, təxminən, 5,5 milyard dollar investisiya qoyub, bunun isə 4,4 milyardı dövlət sektoruna, qalanı isə özəl sektora yönəldilib.

Forum çərçivəsində imzalanan Anlaşma Memorandumu isə sosial məsuliyyət müstəvisində yeni bir səhifə açdı. “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və “Caspian Energy Club” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev arasında bağlanan razılaşma dövlət və özəl sektorun əməkdaşlığını sosial istiqamətdə dərinləşdirəcək və qazandığı mənfəətin bir hissəsini cəmiyyətin rifahına yönəldəcək layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Beləliklə, 13-cü Xəzər Enerji Forumu sadəcə bir tədbir deyil, Azərbaycanın enerji gələcəyinə, iqlim hədəflərinə və iqtisadi strategiyasına yön vermək baxımından önəmli platforma oldu. Burada səslənən hər fikir, verilən hər təklif və imzalanan hər sənəd bir ümumi məqsədə – “yaşıl sabahın” Azərbaycan modelinin qurulmasına xidmət edir. COP29-a ev sahibliyini uğurla başa vurmuş Azərbaycanın bu möhtəşəm Forum vasitəsilə dünyaya verdiyi əsas mesaj aydın idi: planetin gələcəyi birgə məsuliyyət və kollektiv fəaliyyət üzərində qurulmalıdır. Bakı bu çağırışın yeni ünvanına çevrildi. Burada səslənən fikirlər, imzalanan təşəbbüslər və qəbul olunan qərarlar göstərdi ki, Azərbaycan qlobal iqlim gündəliyinin sadəcə iştirakçısı deyil, onun istiqamətini müəyyən edən aparıcı qüvvələrdən biridir.

Nigar Orucova, “İki sahil”