22 aprel 2026 00:58
144

Ən səmərəli, təhlükəsiz, sürətli marşrut - Orta Dəhliz

Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan irimiqyaslı infrastruktur layihələrinin sayəsində tranzit potensialını getdikcə gücləndirən Azərbaycan bu gün beynəlxalq nəqliyyat və logistika xəritəsində əvəzolunmaz mövqeyə sahiblənib. Artan qlobal qeyri-müəyyənlik, geosiyasi gərginlik və genişlənən münaqişələr dövründə Avrasiyada mühüm nəqliyyat qovğşağına çevrilən, bu baxımdan getdikcə daha böyük əhəmiyyət kəsb edən Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) region ölkələri üçün böyük iqtisadi imkanlar yaradır. Ekspertlərə görə, Orta Dəhlizin yüksəlişi təkcə növbəti bir infrastruktur layihəsi kimi deyil, qlobal ticarətin yenidən təşkili prosesində baş verən dərin struktur dəyişikliklərinin göstəricisi kimi qiymətləndirilməlidir.

Çindən başlayan, Mərkəzi Asiya ölkələrindən keçərək Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya uzanan, illik təxminən 2,1 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsula malik olan Türk dövlətlərini birləşdirən Orta Dəhliz ən qısa, təhlükəsiz və səmərəli marşrutdur. Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır, 2025-ci ildə bu artım 11 faziə yaxın təşkil edib. Təkcə 2025-ci il ərzində marşrut üzrə 400-dən artıq blok-qatar hərəkət edib.

Son illər beynəlxalq aləmdə baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi nəticəsində Şimal dəhlizi istiqamətində yaran məhdudiyyətlər, ABŞ-İran müharibəsi ilə Yaxın Şərqdəki uzun illərdən bəri davam edən gərginliyin daha da artması, xüsusilə də Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni münbit geosiyasi şərait mühüm strateji əhəmiyyətə malik alternativ nəqliyyat arteriyası olan Orta Dəhlizə marağı gündən-günə artır.

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir: “Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq”.

Hazırda dünya bazarında baş verən dəyişiklik, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda keçirilən panel iclasdakı çıxışında Azərbaycanın geosiyasi mövqeyinin, strateji keçid yolu üzərində yerləşməsinin ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana çıxarmasına diqqət çəkərək bildirib ki, iki qitəni birləşdirən Orta Dəhliz demək olar ki, ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Daxil olduğumuz regionun onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qaldığını qeyd edən E.Əmirbəyov Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bundan sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşadığını və bunun yeni imkanlar yaratdığını vurğulayıb: “Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl “qazan-qazan vəziyyətidir”

Bütün bu reallıqlar fonunda demək olar ki, regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirən, qitələrarası bağlantının gücləndirilməsində mühüm rol oynayan, Avropa ilə Asiya arasında sürətli, təhlükəsiz və qənaətli bir marşrut kimi dəyərləndirilən Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə daha da artacaq.

Zahid Rza, “İki sahil”