Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin daha bir tədbiri - “Püstə: canlı irs” təqdimatı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi əsasında hazırlanan monotamaşa təqdim edilib.
Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə çevrilən püstə ağacı dayanır.
Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırıb.
Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən kiçik Bakı həyətinə səyahət ediblər.
Sonra "Azərxalça” ASC-nin toxuduğu triptix – üç xalçadan ibarət əsər təqdim olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış olub.
Bildirilib ki, kompozisiya çətinliklərə baxmayaraq həyatın yenidən başlaya və bar verə biləcəyini göstərir. Su isə triptixdə üç hissəni birləşdirən mühüm rəmz kimi verilir. O, böyümə və inkişaf üçün zəruri həyat gücünün rəmzi olaraq həyatın dövri xarakterini vurğulayır.
Daha sonra Leyla Əliyevanın iştirakı ilə Mərkəzin terrasında püstə ağacı əkilib.
Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi kimi təcəssüm olunur. Püstə - keçmişlə gələcəyin, sənətlə ekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.
Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib. Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları və turistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirə şəkilləri də çəkilib.