01 noyabr 2025 08:53
155

Bu ilin 9 ayında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 624 milyon ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 51,7 milyon ABŞ dolları və ya 9 faiz çoxdur.

Bu il Azərbaycan Gürcüstana 495,5 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 milyon dollar və ya 2 faiz artım deməkdir.

Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 128,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 milyon ABŞ dolları və ya 49,9 faiz artım deməkdir.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz artım deməkdir.

Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606 milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard dollar (və ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard dollar (və ya 14,5 faiz) artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu, əvvəlki illə müqayisədə 3,374 milyard dollar və ya 2,8 dəfə azdır.