Rusiya Teatr İncəsənəti İnstitutunda (GİTİS) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş “Xalq ruhunun səsi...” adlı beynəlxalq konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Qnessinlər adına Rusiya Musiqi Akademiyası tərəfindən GİTİS-in iştirakı ilə təşkil olunub.
Konfransda iki ölkənin aparıcı musiqişünasları və teatr təhsili sahəsində tanınmış şəxsləri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bəstəkarın peşəkar milli musiqi məktəbinin formalaşmasında, dünya, sovet və Azərbaycan musiqisinin inkişafında, eləcə də Azərbaycan və rus mədəniyyət xadimləri arasında dialoq və əməkdaşlığın möhkəmlənməsində böyük rolunu qeyd edib. O vurğulayıb ki, Üzeyir Hacıbəyli Şərq musiqi ənənəsini, folkloru Qərb klassik məktəbi ilə birləşdirərək Azərbaycan mədəniyyətində bir çox islahatların əsasını qoyub. Bu ənənəni onun tələbələri olmuş Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, eləcə də müasir gənc Azərbaycan bəstəkar və ifaçıları davam etdiriblər.
Səfir, həmçinin xatırladıb ki, Üzeyir Hacıbəylinin doğulduğu, işğaldan azad edilərək dirçəldilmiş Şuşa şəhərində bəstəkarın işğal dövründə dağıdılmış ev-muzeyi bərpa olunub və onun açılışında ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
GİTİS-in rektoru Qriqori Zaslavski qeyd edib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində konfransın keçirilməsi nəinki tək institut, ümumilikdə Rusiya mədəniyyəti üçün də mühüm əhəmiyyət daşıyır.
“GİTİS təkcə yaradıcılıqyönümlü ali məktəb deyil, həm də elmi fəaliyyətinə dəyər verən bir institutdur. Üzeyir Hacıbəylinin yaradıcılığı ciddi və düşüncəli müzakirə üçün geniş imkanlar açır”, – deyə o bildirib. Rektor əlavə edib ki, Rusiya və Azərbaycanın musiqi mədəniyyətləri daim qarşılıqlı zənginləşmə şəraitində inkişaf edib ki, bu da belə tədbirləri xüsusi əhəmiyyətli edir.
SSRİ Xalq artisti, GİTİS-in professoru Tamara Sinyavskaya konfransın təşkilatçılarına təşəkkürünü bildirib, belə tədbirlərin iki xalq arasında mədəni əlaqələri möhkəmləndirdiyini vurğulayıb. O, Azərbaycan musiqisinin tarixi ilə tanış olan və onun ənənələrini mənimsəyən tələbə və gənc ifaçıların iştirakının vacibliyini qeyd edib.
“Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq irsi haqqında danışıb və onun fəaliyyətinə həsr olunmuş videoçarx təqdim edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli videobağlantı vasitəsilə iştirakçıları salamlayıb. Onun fikrincə, Üzeyir Hacıbəylinin şəxsiyyəti və yaradıcılığı Azərbaycanda müasir musiqi təhsilinin əsasını qoyub və yeni nəsil musiqiçiləri ilhamlandırmaqda davam edir.
Konfrans çərçivəsində, həmçinin Qnessinlər adına Rusiya Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının dosenti Angelina Alpatovanın, D.A.Bertman emalatxanasının musiqi rəhbərinin, dirijor Yevgeni Volkovun, GİTİS-in Musiqi tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi Flora Rəhimovanın, Rusiyanın Əməkdar incəsənət xadimi Aleksandr Barmakın, Qnessinlər adına Rusiya Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti Tamila Canızadənin və başqalarının məruzələri dinlənilib.
Çıxış edənlər Üzeyir Hacıbəylinin Azərbaycan musiqili teatrının inkişafına və milli bəstəkarlıq məktəbinin formalaşmasına verdiyi töhfəni qeyd ediblər.
AZƏRTAC-ın müxbiri ilə söhbətində GİTİS tələbəsi, yaxınlarda bəstəkarın 140 illiyinə həsr olunmuş konsert çərçivəsində “Arşın mal alan” operettasından Gülçöhrə ariyasını ifa etmiş ifaçı Darya Kovalenko qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqisinin motivləri “möhtəşəmdir və insanın ruhuna toxunur”. Onun sözlərinə görə, Azərbaycan dili ilə tanışlıq onun üçün yeni və ilhamverici bir təcrübə olub.
GİTİS-in digər tələbəsi, “Koroğlu” operasından Nigar ariyasını ifa edən Azərbaycan SSR Xalq artisti Konstantin Bataşovun nəticəsi Nina Bezzubova isə bildirib ki, Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak onun üçün xüsusi bir şərəf olub. “Mənim ailəm Azərbaycana bağlıdır və bu hadisənin bir hissəsi olmaq mənim üçün xüsusilə dəyərlidir”, – deyə o əlavə edib.
Britaniyalı cütlük: “Azerbaijan Dance Festival”da iştirak etmək bizim üçün böyük şərəfdir
"Art Weekend" çərçivəsində "Nəfəs – söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirilib