02 noyabr 2025 14:33
148

Britaniyalı cütlük: “Azerbaijan Dance Festival”da iştirak etmək bizim üçün böyük şərəfdir

Biz Böyük Britaniyadan gəlmişik və Bakıda olmağımızdan çox məmnunuq. Festival və şəhərin ab-havası bizdə olduqca müsbət təəssürat yaratdı. Memarlığın gözəlliyi, insanların səmimiyyəti və mehribanlığı, eləcə də bayram enerjisi bizi heyran etdi. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu tədbirdə iştirak etmək bizim üçün böyük şərəf və sevincdir.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə “Azerbaijan Dance Festival 2025”da iştirak edən Böyük Britaniya nümayəndələri Paulius Vaskelis və Yuste Bucyunayte bildiriblər.

“Bu yarış bizim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bu, Smooth kateqoriyasında ilk Avropa Çempionatımızdır. Biz müxtəlif rəqs istiqamətlərindən gəlmişik, hər ikimizin “ballroom”da təcrübəmiz var, amma cütlük olaraq bu, bizim ilk böyük birgə təcrübəmizdir. Məhz buna görə də bu çıxış bizim üçün bu qədər vacibdir və yaddaşımızda əbədi olaraq qalacaq”, - deyə rəqqaslar qeyd ediblər.

Onların sözlərinə görə, çempionata hazırlıq oktyabrın əvvəlində Finlandiya Beynəlxalq Çempionatından dərhal sonra başlayıb. Bütün məşqlər tam olaraq bu məqsədə nail olmağa yönəlmişdi.

“Biz yalnız bu il birlikdə rəqs etməyə başlamışıq, buna görə də bizim üçün hər şey hələ çox yenidir. Lakin yarış mövsümü başladığı yanvar ayından bəri fasiləsiz işləyirik - hər turnirdən dərhal sonra növbəti yarışa hazırlığa başlayırıq”, - deyə idmançılar bildiriblər.

Paulius Vaskelis və Yuste Buçyunayte vurğuladılar ki, belə genişmiqyaslı və nüfuzlu tədbirdə iştirak etmək onlar üçün inanılmaz dərəcədə mənalıdır:” Bu, təkcə sevinc və ilham deyil, həm də gələcək inkişaf üçün güclü motivasiya gətirir”.