03 noyabr 2025 22:47
134

ABŞ-də demokratlar Pelosinin siyasətdən getməsinə hazırlaşır

Demokratlar ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin noyabrın 4-də siyasətdən mümkün gedişinə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə NBC telekanalı Konqres və Kaliforniyadakı mənbələrə istinadla məlumat yayıb.

Vurğulanıb ki, 85 yaşlı Pelosi 2026-cı ildə təxminən 40 il təmsil etdiyi San-Fransisko, Kaliforniya ştatından Konqresin aşağı palatasına yenidən seçilməkdən imtina edə bilər. Sabiq spikerin seçki dairələrinin dəyişdirilməsi təşəbbüsü ilə bağlı çərşənbə axşamı keçirilən səsvermədən sonra bu qərarı açıqlayacağı gözlənilir.

Kanalın qeyd etdiyi kimi, Demokratlar bu addımı dəstəkləyirlər, çünki gələn il keçiriləcək aralıq Konqres seçkilərində əlavə yerlər qazanacaqlarına ümid edirlər.

Pelosinin mətbuat katibi Yan Kreger, keçmiş spikerin Konqresə yenidən seçilmək niyyətində olub-olmadığını NBC-yə şərh etməkdən imtina edib. O, indi yenidən bölüşdürmə təşəbbüsünü irəli sürmək üçün kampaniyaya tam diqqət yetirdiyini söyləyib.

Xatırladaq ki, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır. Separatçılığın tərəfdarı olan Nensi Pelosi ermənipərəst lobbinin fəal üzvü kimi ABŞ Konqresində daim Ermənistanın lehinə çıxış edib.