16 may 2026 01:51
79

Qeyri-qanuni miqrasiyaya cəhd edən 12 misirli gənc həlak olub

Misirin Mərsa Matruh vilayətinin şimal sahillərində qeyri-qanuni miqrasiya cəhdi faciə ilə nəticələnib. Vilayətin qərbində yerləşən Sidi Bərani rayonu sahillərində rezin qayığın içərisində 13-28 yaşlarında on iki gəncin meyiti aşkarlanıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, ilkin araşdırmalara əsasən, həlak olanlar Misirin müxtəlif vilayətlərindən olublar. Ölənlər arasında tələbələrin də olduğu qeyd edilir.

Məlumata görə, gənclər insan alveri və qeyri-qanuni miqrasiyanı təşkil edən vasitəçilərin vədlərinə inanaraq Aralıq dənizi vasitəsilə Avropa sahillərinə – İtaliya və ya Yunanıstana çatmağa cəhd göstəriblər. Bunun müqabilində onlardan yüksək məbləğdə pul alındığı bildirilir.

Mənbələrin məlumatına əsasən, əlverişsiz hava şəraiti və normadan artıq yüklənmə nəticəsində qayıq açıq dənizdə nasaz vəziyyətə düşüb. Qurbanların bir neçə gün ərzində açıq dənizdə qida və içməli su olmadan köməksiz vəziyyətdə qaldıqları ehtimal edilir.

İlkin ekspertiza rəylərinə görə, meyitlərin əksəriyyətində çürümə baş verib. Bu da ölüm hadisəsinin bir neçə gün əvvəl baş verdiyini göstərir.

Misir prokurorluğu faktla bağlı araşdırmaya başlayıb. İstintaq çərçivəsində qayığın hərəkət marşrutu, həlak olanların kimliyi və insan alveri ilə məşğul olan şəbəkələrin hadisədə mümkün iştirakı araşdırılır.