05 noyabr 2025 00:06
104

Ağ Ev ABŞ və Suriya prezidentləri arasında noyabrın 10-da görüş keçiriləcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirdiyi brifinqdə bildirib.

"Təsdiq edə bilərəm ki, bu görüş burada, Ağ Evdə bazar ertəsi günü baş tutacaq. Bu, sülhə nail olmaq üçün bütün dünya liderləri ilə görüşməyə hazır olan prezidentin (Trampın - red.) diplomatik səylərinin bir hissəsidir", - deyə o qeyd edib.

Livitt Trampın Yaxın Şərqə səfəri zamanı ölkəyə sülh üçün real şans vermək məqsədi ilə Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəldiyini xatırladıb.

"Düşünürəm ki, onların yeni rəhbərliyi altında bu sahədə yaxşı irəliləyişlər görürük. O, bazar ertəsi günü Ağ Evdə olacaq və prezidentin özü həmin gün bu məsələ ilə bağlı çıxış edəcək", - deyə o əlavə edib.

Suriya liderinin 1 noyabrda Vaşinqtona gözlənilən səfəri ilk dəfə ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barrak tərəfindən Bəhreyndə keçirilən Manama Dialoqu çərçivəsində açıqlanıb. Onun sözlərinə görə, Suriya ABŞ-nin başçılıq etdiyi İŞİD-ə qarşı koalisiyaya qoşulmaq niyyətindədir.