05 noyabr 2025 15:11
113

DVX xəttilə dövlət büdcəsinə 14 milyard manatdan çox vəsait daxil olub

Bu ilin yanvar - oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olub, proqnoza 105,5 faiz əməl edilib.

Bu barədə "İki sahil" dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 229,9 milyon manat və ya 1,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 411,8 milyon manat olub, proqnoz 103,0 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 860,3 milyon manat və ya 9,0 faiz artıb.

Ödənilən vergilərin 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi isə neft-qaz sektorunun payına düşüb.

2025-ci ilin yanvar – oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 563,0 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 503,5 milyon manat olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 650,0 milyon manat olub.