06 noyabr 2025 10:21
129

Sosial siyasət: İnsan amili prioritetdir

Növbəti il üçün cari xərclərin 68.1 faizi məhz sosial yönümlü xərclərin payına düşəcək

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir.  Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə əhalisinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə Prezident İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.

Dövlət başçısının 2018-2025-ci illər ərzində reallaşdırdığı 5 sosial islahat paketi çərçivəsində imzaladığı Sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Ümumilikdə 5 sosial paket 4 milyondan çox vətəndaşı əhatə edib. Prezidentin imzaladığı Fərman və sərəncamlara əsasən, bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Belə ki, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox artırılıb. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, sosial siyasət həmişə prioritet olub və bundan sonra da olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır".

Ümumiyyətlə, Azərbaycanda əhalinin sosial rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətimizin daim diqqətindədir. Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" qarşıdan gələn illərdə sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Milli prioritetlər sırasında yer alan vacib istiqamətlərdən biri də məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Prezidentin 23 dekabr 2024-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamına əsasən, bu il yanvarın 1-dən minimum aylıq əməkhaqqının 400 manata, fevralın 1-dən isə minimum pensiya məbləğinin 320 manata çatıdırılması, həmçinin bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılması təmin edilib. Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb. Bütövlükdə 5-ci sosial islahat paketi əməkhaqqı üzrə 700 min nəfəri, sosial ödənişlər üzrə 2,3 milyon nəfər olmaqla 3 milyon nəfəri əhatə edib. 5-ci sosial islahat paketinin maliyyə tutumu 1,4 milyard manatdır. Ümumilikdə isə 2018-2025-ci illərdə reallaşdırılan 5 sosial islahat paketinin maliyyə tutumu 7,6 milyard manat təşkil edir. Xüsusilə qeyd edilməlidir ki, dövlət büdcəsində sosialyönlü xərclərin hər il ardıcıl artımı hökumətin sosial siyasətinin mühüm nəticəsidir.

Təsadüfi deyil ki, növbəti il üçün cari xərclərin əsas hissəsi daha dəqiq desək, 68.1 faizi məhz sosial yönümlü xərclərin payına düşəcək. Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində maliyyə nazirinin müavini Himalay Məmişov deyib. Nazir müavini bildirib ki, 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 213,0 milyon manat və ya 1,3 faiz çoxdur. Həmin xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərin payına düşməklə son 5 ildə 4,4 milyard manat və ya 39,6 faiz artıb: “Sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4,9 milyard manat vəsait ayrılacaqdır. Bu cari ilə nisbətən 121,0 milyon manat və ya 2,6 faiz, ötən ilə nisbətən 722,0 milyon manat və ya 17,4 faiz çoxdur. Həmin vəsaitin 3,2 milyard manatı və ya 65,3 faizi sosial ödənişlərin və digər sosial təminat xərclərinin payına düşür”.

Bütün bunlar bir daha təsdiq edir ki, ölkə başçısı əhalinin rifahının yüksəlməsi məsələsini prioritet sahə kimi daim diqqətdə saxlayır. Artıq bu istiqamət üzrə çox böyük işlər görülür və qarşıdan gələn illərdə də bu tendensiya qorunub saxlanılacaq.

Sevinc Azadi, “İki sahil”