Azərbaycanda vergi güzəştlərinin ləğvindən söhbət getmir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, bütün dünyada, o cümlədən Azərbaycanda vergi güzəştləri müəyyən müddətdə nəzərdə tutulur: "Azərbaycanda gəlir vergisi güzəşti 7 illik müəyyən olunmuşdu. Bu müddət başa çatdı. Onun əvəzinə, vergi güzəştinin yeni növü gətirilir. Belə ki, əməkhaqqısı 2500 manata qədər olan insanlar 14 % gəlir vergisi verməli idilər. Amma gələn ildən bu, 3 % olacaq. Ölkədə əməhaqqısı 2500 manata qədər olan kifayət qədər çox insan var. Odur ki, 3 % böyük göstərici deyil. Buna görə də bu istiqamətdə maarifləndirməni genişləndirmək lazımdır".