Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri Şuşa şəhərinin azad edilməsi ilə bağlıdır. Həmin gün milli iradənin, azadlıq idealının, dövlətçilik düşüncəsinin və xalq birliyinin təntənəsi kimi tarixə yazılıb. Şuşanın azad edilməsi təkcə hərbi əməliyyatın uğuru deyil, mənəvi yüksəlişi, uzun illərin arzusunu və milli yaddaşın bərpasını təcəssüm etdirir.
Vətən müharibəsinin ən həlledici məqamlarından biri məhz Şuşa uğrunda döyüşlər oldu. Qəhrəman Azərbaycan Ordusu əlçatmaz qayaları aşaraq, düşmənin ağır istehkamlarını yararaq şəhəri azad etdi. Şuşanın azadlığı ilə millətimizin qəlbində çəkilən nisgil sevincə, qürura və inama çevrildi. Bu Qələbə xalqın sarsılmaz ruhunu, mübarizə əzmini və birliyini daha da gücləndirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri bir məqsədin, bir amalın ifadəsi idi. Məhz bu strateji hədəf bütün Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun döyüş ruhunu, xalqın isə sarsılmaz inamını formalaşdırdı. Şuşaya aparan möhtəşəm Zəfər Yolu həm də xalqımızın iradəsinin, mərdliyinin və Vətən sevgisinin bariz nümunəsinə çevrilib.
8 noyabr 2020-ci il tarixi Azərbaycanın dövlətçilik tarixi üçün dönüş nöqtəsi oldu. Həmin gün Prezident İlham Əliyev böyük fəxarət hissi ilə Şuşanın azad edildiyini bəyan etdi, beləliklə, xalqın qüruru və tarixi kimliyi bərpa olundu. “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq”, - deyən dövlətimizin başçısı bu fikirləri ilə xalq-iqtidar-ordu birliyinin tarixi Zəfərini ifadə edib.
Şuşanın azadlığı ilə başa çatan Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu Qələbə həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin və ideyalarının təntənəsidir. Ümummilli Lider hələ Sovet dövründə “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” deyərək bu şəhərin xalqımız üçün tarixi əhəmiyyətini vurğulamışdı. Müstəqil dövlətimizə rəhbərlik etdiyi illərdə Prezident İlham Əliyev bu ideyanı reallığa çevirdi, ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad etdi və tarixdə əbədi iz qoydu.
Şuşanın azad edilməsindən sonra şəhərin həyatında tamamilə yeni bir mərhələ başlandı. İşğaldan azad olunmuş bu qədim mədəniyyət mərkəzi qısa müddətdə bərpa, yenidənqurma və dirçəlişin nümunəsinə çevrildi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu qərar şəhərin tarixi, mədəni və mənəvi simasının bərpası istiqamətində böyük dönüş nöqtəsi oldu.
2021-ci il 31 may tarixində qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası və davamlı inkişafı üçün hüquqi zəmin yaratdı. Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması bu müqəddəs diyarın mədəni irs kimi qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım idi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi və TÜRKSOY tərəfindən 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” kimi tanınması Şuşanın beynəlxalq səviyyədə artan nüfuzunun bariz göstəricisidir. Bu ardıcıl qərarlar göstərir ki, Şuşa artıq təkcə milli mədəniyyətin deyil, həm də qlobal mədəni dialoqun mərkəzinə çevrilir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 noyabrın “Şuşa şəhəri günü” elan edilməsi həm azadlıq mübarizəsinə, həm də Şuşanın dirçəlişinə verilən ali dəyərin göstəricisidir.
2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı”, 2026-cı ildə isə “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi Şuşanın beynəlxalq miqyasda artan nüfuzunu bir daha təsdiqlədi. Bu gün Şuşada həyata keçirilən layihələr şəhərin tarixini və gələcəyini birləşdirir. “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” bu qədim diyarın müasir infrastrukturla təmin edilmiş mədəni mərkəzə çevrilməsini nəzərdə tutur. Bütün bərpa işlərində tarixi simanın qorunması, təbii mühitin mühafizəsi və müasir texnologiyaların tətbiqi əsas prinsip kimi götürülüb.
Artıq Şuşada bir çox tarixi abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş büstləri əvvəlki yerlərinə qaytarılıb. Şəhərdə yeni yaşayış kompleksləri, məktəblər, səhiyyə ocaqları, müasir hotellər və turizm obyektləri tikilib. Şuşa yenidən canlanır, küçələrində musiqi səsləri, poeziya nəfəsi, mədəni tədbirlərin işığı hiss olunur. Bu şəhər təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının qürur mənbəyinə çevrilib. Burada keçirilən “Xarıbülbül” musiqi festivalı, “Vaqif Poeziya Günləri” və digər mədəni tədbirlər xalqın kimliyini, musiqi və söz sənətinin gücünü dünyaya təqdim edir.
8 Noyabr – Şuşa şəhəri günü tarixi Zəfərin, birlik və həmrəyliyin, həmçinin milli dirçəlişin bayramıdır. Şuşa müstəqil dövlətimizin qələbə simvolu, xalqımızın əyilməz ruhunun, milli qürurunun və gələcəyə inamının təcəssümüdür.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı