22 aprel 2026 14:00
196

“SOCAR Enerji Məktəbi”nin DÖRDÜNCÜ MƏRHƏLƏSİ BAŞA ÇATIB - FOTO

“SOCAR Türkiyə”nin Sabancı Universitetinin İdarəçi İnkişafı Birliyi (EDU) ilə birgə həyata keçirdiyi “SOCAR Enerji Məktəbi” (SOCAR Energy School) layihəsinin dördüncü mərhələsi uğurla yekunlaşıb.

Enerji sektoruna ixtisaslı insan resurslarının hazırlanmasını hədəfləyən proqram bu il də intensiv tədris prosesi ilə uğurla yekunlaşıb. On iki həftə davam edən proqram çərçivəsində iştirakçılar enerji bazarlarının fəaliyyəti, qlobal təklif-tələb balansı, dayanıqlılıq, eləcə də bərpa olunan enerji texnologiyaları üzrə geniş biliklər əldə ediblər.

Proqram texniki mövzularla yanaşı, liderlik, strateji düşünmə və qərarqəbuletmə bacarıqlarının inkişafına yönəlmiş modullarla da zənginləşdirilib. Bu yanaşma iştirakçıların çoxşaxəli baxış bucağı formalaşdırmasına imkan yaradıb.

Mərasimdə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov və Sabancı Universitetinin rektoru Yusuf Leblebici iştirak ediblər. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Təlim proqramına yerli və beynəlxalq akademiklər, eləcə də sektorun aparıcı mütəxəssisləri cəlb olunub. Tədris çərçivəsində enerji siyasəti, enerji təhlükəsizliyi, enerji səmərəliliyi, rəqəmsallaşma və sektorda transformasiya prosesləri kimi aktual mövzular müzakirə edilib.

Panel müzakirələri, situasiya təhlilləri və interaktiv sessiyalar vasitəsilə iştirakçılar nəzəri biliklərini praktikada tətbiq etmək imkanı qazanıblar.

Tədbirdə çıxış edən Elçin İbadov enerji sektorunda baş verən qlobal dəyişikliklərə diqqət çəkərək bildirib ki, bu sahədə analitik düşünmə qabiliyyətinə malik və innovativ yanaşmalar tətbiq edə bilən kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici isə akademiya ilə sənaye arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, bu kimi proqramların tətbiqyönümlü biliklərin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Qeyd olunub ki, müxtəlif sahələrdən olan peşəkarları bir araya gətirən proqram iştirakçılara yalnız texniki biliklər deyil, həm də strateji baxış və geniş peşəkar əlaqələr şəbəkəsi qazandırır.

“SOCAR Türkiyə”nin enerji məktəbi proqramı indiyədək həyata keçirilən mərhələlərlə enerji sektorunda ixtisaslı kadr potensialının gücləndirilməsinə və akademiya-sənaye əməkdaşlığının inkişafına töhfə verməkdə davam edir.

Orxan Vahidoğlu, “İki sahil”