08 noyabr 2025 08:05
122

Tramp Mərkəzi Asiyanın beş ölkəsi ilə keçirilən sammitin yekunlarını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, dünən Ağ Evdə Mərkəzi Asiyanın beş ölkəsinin liderləri – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emomali Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və Türkmənistan Prezidenti Sərdar Berdimuhammedovla sammit keçirmək onun üçün böyük şərəf olub.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial platformasında paylaşım edib.

Prezidentin sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları son otuz il ərzində bu ölkələrə lazımi diqqət göstərməyib. O, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Mərkəzi Asiyanın strateji əhəmiyyətini vurğulayaraq, regionun zəngin təbii sərvətlərə – nadir minerallara, karbohidrogenlərə və yüksək insan potensialına malik olduğunu qeyd edib.

Tramp bildirib ki, “C5+1” formatının 10 illiyi çərçivəsində milyardlarla dollar dəyərində kommersiya razılaşmaları imzalanıb. Onun sözlərinə görə, bu sazişlər ABŞ-da aviasiya, mədənçilik, kənd təsərrüfatı, dəmir yolu, avtomobil və texnologiya sahələrində on minlərlə yeni iş yerinin yaradılmasına töhfə verəcək.

ABŞ Prezidenti keçirilən görüşün Birləşmiş Ştatlar ilə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan arasında münasibətlərin “yeni və perspektivli mərhələsinin başlanğıcı” olduğunu qeyd edib.