08 noyabr 2025 13:39
156

“AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən “Çovdar” qızıl mədəni və eləcə də Göygöl rayonu, Üçtəpə kəndi ərazisində ağacəkmə aksiyaları keçirilib.

“İki sahil” xəbər verir ki,  Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Zəfərin 5 illiyi münasibətilə Qızılca-Üçtəpə bələdiyyəsinin dəstəyi ilə Üçtəpə kəndi ərazisində salınacaq Zəfər parkı üçün təxminən 0,8 hektar sahədə 700-ə yaxın cökə, vələs və göyrüş ağacı tingləri əkilib, bitkilərə müvafiq aqrotexniki qulluq göstərilib.

Ekoloji aksiya çərçivəsində növbəti mərhələdə “Çovdar” qızıl mədəni ərazisində yerli iqlim şəraitinə uyğun 1300 ədəd ağac tingi əkilib. Bununla yanaşı, tədbir zamanı ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin bu kimi ekoloji təşəbbüsləri ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə dəstək məqsədi daşıyır.

Bugünədək QSC tərəfindən qızıl mədənlərinin yaxınlığında yerli iqlim şəraitinə uyğun minlərlə ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb və bu istiqamətdə fəaliyyət mütəmadi şəkildə davam etdirilir.