8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib.
“İki sahil” xəbər verir ki, festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.
65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilib.
Festival konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.
2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.
Qusar rayonu üzrə 22 428 hektar əkin sahəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilib
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib