18 noyabr 2025 15:07
512

COP 30: Birinci həftənin yekunları necə yadda qaldı?

COP30-un birinci həftəsinin nəticələri həm strateji sessiyalarda, həm də qeyri-rəsmi müzakirələrdə ümumiləşdirilmişdir. Təhlilin əsas hissəsi təqdimatlar və danışıqlara dair qeydlər əsasında aparılmışdır. Gözləntilər fonunda müəyyən irəliləyişlərlə yanaşı, ciddi struktur problemləri də müşahidə olunur.

Bir sıra nümayəndələr tərəfindən irəli sürülən iddialara görə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) meşələrin rütubətin daşınmasında və qlobal su dövriyyəsində rolunu “az qiymətləndirir”. Bu yanaşma mövzudan kənardır. COP danışıqları elmi qiymətləndirmə platforması deyil, onlar maliyyələşdirmə və öhdəliklər üzrə siyasi prosesdir. Burada meşələrin rolu ilə bağlı elmi debat deyil, meşələrin qorunması və qırılmanın azaldılması üçün maliyyə vəsaitlərinin bölüşdürülməsi müzakirə olunur. Burada əsas vurğu meşə qırılmasının azaldılması yolu ilə CO₂ emissiyalarının minimuma endirilməsinə yönəlmişdir.

Birinci həftə ərzində inkişaf etməkdə olan ölkələrin geniş koalisiyası formalaşmışdır. Bu koalisiyaya daxildir: LMDC (Like-Minded Developing Countries) - Oxşar Düşüncəli İnkişaf Etməkdə Olan Ölkələr qrupu, UNFCCC iqlim konfransları kimi beynəlxalq forumlarda danışıqlar aparan bir blokdur.

Konfrans zamanı Hindistan həm LMDC qrupu, həm də BASIC qrupu (Braziliya, Cənubi Afrika, Hindistan və Çin) adından bəyanatlar verərək, inkişaf etmiş ölkələr üçün iqlim maliyyəsi və texnologiya transferi öhdəlikləri ilə bağlı ortaq mövqelərini bir daha təsdiqlədi. Bu blok İqlim Konvensiyasının 9.1-ci maddəsi üzrə üçillik iş proqramının yaradılmasını tələb edir. Maddə 9.1 yalnız inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinə aiddir, ona görə də tələb əsasən taktiki təzyiq xarakteri daşıyır. İnkişaf etmiş ölkələr maddə 9-un ümumi şəkildə – bütün ölkələrin töhfələri kontekstində – müzakirəsinə hazırdırlar, lakin maddə 9.1 üzrə əlavə öhdəlik götürməkdən imtina edirlər.

Burada mühüm mövzularından biri də adaptasiyaya ayrılan vəsaitlərin üç dəfə artırılması ilə bağlı tələblərdir. Bu kontekstdə yeni olaraq Ən Az İnkişaf Etmiş Ölkələr Fondu (LDCF-Least Developed Countries Fund) üçün vəsaitlərin üçqat artırılması təklifi səsləndirilmiş və real kompromis kimi qiymətləndirilmişdir.

Birinci həftənin ən pozitiv nəticələrindən biri maddə 6.8 (kommersiya xarakteri daşımayan beynəlxalq əməkdaşlıq formaları) üzrə irəliləyişdir. Sözügedən maddə toksik elementlərdən – sanksiyalar, karbon ticarəti, birtərəfli ödəniş mexanizmləri – azaddır, bu isə tərəflər arasında konsensusu asanlaşdırmışdır. Həftə ərzində Çili və Kanada arasında şəhər təsərrüfatı, tullantıların idarə olunması və metan emissiyalarının azaldılması üzrə yeni qeyri-kommersiya əməkdaşlıq proqramı qeydiyyata alınmışdır. Bu təşəbbüsə artıq 30-dan çox təşkilat qoşulmağa və maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirmişdir. Bu, maddə 6.8 üzrə sabit və real irəliləyişin göstəricisi kimi qiymətləndirilir.

Həftənin sonuna yaxın növbəti Konfransın (COP31) keçirilmə məkanı ilə bağlı layihə sənədi hazırlanmışdır. Mövcud mətnə əsasən seçim Efiopiyanın üzərindədir. Bununla belə, qərar hələlik rəsmi deyil və yekun plenar iclasda səsvermə ilə təsdiq olunmalıdır. Bəzi nümayəndələr ehtiyat edirlər ki, siyasi və ya texniki səbəblərdən qərarın təsdiqi gecikərsə, “Bonn ssenarisi” – yəni tədbirin avtomatik olaraq Bonn şəhərində, UNFCCC-nin qərargahında keçirilməsi – gündəmə gələ bilər.

Adaptasiya indikatorları üzrə danışıqlar həftənin ən uğursuz sahəsi olmuşdur. Təklif olunan indikatorlar böyük həcmdə əlavə maliyyə tələb edir, subyektiv şərtlərə əsaslanır və LMDS və Afrika ölkələrinin bir çox nümayəndəsi tərəfindən açıq şəkildə dəstəklənmir. Əsas səbəb: bir çox rəsmilər ölçülə bilən və hesabat tələb edən mexanizmləri qəbul etmək istəmirlər. Bu isə vəsaitlərin şəffaf şəkildə idarə olunmasını çətinləşdirir və maliyyəni “şərtsiz qəbul etmə” imkanlarını daraldır.

Hazırda ən real kompromis variantı indikatorların pilot tətbiqi mexanizmidir. Bu modelə görə indikatorlar məhdud sayda ölkədə sınaqdan keçiriləcək, tətbiqin effektivliyi qiymətləndiriləcək və nəticələr müsbət olarsa, genişmiqyaslı istifadəyə keçid təmin ediləcək. Bu yanaşma indikatorların effektiv işlədiyini sübut etməyə və yüksək nəticələr göstərən ölkələrə – o cümlədən Azərbaycan kimi ölkələrə – əlavə imkanlar yaratmağa şərait yarada bilər.

Həmçinin həftənin ümumi mənzərəsi belədir: maddə 6.8 üzrə real irəliləyiş var, maddə 9 və 9.1 üzrə kəskin siyasi qarşıdurma mövcuddur, adaptasiya indikatorları üzrə proses faktiki olaraq dayanıb, növbəti COP-un yeri hələ tam təsdiqlənməyib. Ümumi nəticə- birinci həftə gözlənildiyindən daha çox siyasi gərginlik və daha az texniki irəliləyişlə yadda qalmışdır.

Gülşən Axundova,
COP29 Təşkilat Komitəsinin üzvü,

"Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri