19 noyabr 2025 11:15
457

Azərbaycan türkdilli məkanın birləşdirici sütunudur - ŞƏRH

Zaur İbrahimli: Zbigniev Brzezinskinin vaxtilə “Xəzər hövzəsi və Mərkəzi Asiyanı saxlayan şüşənin tıxacı” adlandırdığı Azərbaycan artıq həmin şüşənin içində oturan və qaydaların formalaşmasında iştirak edən ölkəyə çevrilib.

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ildə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının-SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təsdiqidir.

Azərbaycanın bu günlərdə Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu qazanması ölkəmizin regional siyasətdə rolunun daha da artdığını göstərir.

Dövlətimizin başçısı Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqla bağlı deyib: “Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir”.

Siyasi şərhçi, Azərbaycan Milli QHT Forumu İdarə Heytəinin üzvü Zaur İbrahimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv seçilməsi ölkəmizin regional siyasətində dönüş nöqtəsidir: “Bu addım sadəcə təşkilati qərar deyil, Azərbaycanın Cənubi Qafqazdan Orta Asiyaya qədər uzanan geniş coğrafiyada strateji aktor kimi qəbul edilməsinin rəsmi təsdiqidir. Brzezinskinin vaxtilə “Xəzər hövzəsi və Mərkəzi Asiyanı saxlayan şüşənin tıxacı” adlandırdığı Azərbaycan artıq həmin şüşənin içində oturan və qaydaların formalaşmasında iştirak edən ölkəyə çevrilib. Bu uğurun arxasında Prezident İlham Əliyevin illər əvvəl formalaşdırdığı strateji nəqliyyat–enerji vizyonu, Şərqlə Qərbi birləşdirən marşrutların bərpası və tarixi İpək Yolunun dirçəldilməsi siyasəti dayanır. Bu uzaqgörən kurs olmasaydı, bu gün Azərbaycan Mərkəzi Asiyanın gələcəyini müəyyən edən regional masanın tamhüquqlu üzvü ola bilməzdi”.

Siyasi şərhçi qeyd edib   ki, son illər Mərkəzi Asiya böyük güclərin rəqabət məkanına çevrilib-ABŞ C5+1 formatını gücləndirir, Çin ticarətini 100 milyard dollara yaxınlaşdırıb, Rusiya isə enerji və təhlükəsizlik sahəsində təsirini qorumağa çalışır: “Belə bir şəraitdə region ölkələri balanslı siyasət, iqtisadi tərəfdaşlıq və təhlükəsiz tranzit üçün etibarlı mərkəz axtarır. Məhz bu məqamda Azərbaycan onların gözündə həm lojistik körpü, həm də sabit siyasi tərəfdaş kimi xüsusi yer tutur. Şuraya üzvlük, əslində, Mərkəzi Asiya liderlərinin Azərbaycanın bu roluna açıq etirafıdır. Bakı artıq regionun kənarında dayanan yox, onun daxilində qərar qəbul edən ölkədir. Bu əməkdaşlığın ən mühüm tərəfi Prezident İlham Əliyevin hələ 2000-ci illərin əvvəllərindən formalaşdırdığı nəqliyyat diplomatiyasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər üzərindən multimodal daşımalar, Şərq–Qərb və Şimal–Cənub koridorlarının sinxronlaşdırılması, liman və dəmir yolu şəbəkələrinin modernləşdirilməsi, Orta Dəhlizin prioritetə çevrilməsi – bütün bunlar Azərbaycanı bu gün Avrasiya logistik xəritəsinin mərkəzinə çıxarıb. TRIPP layihəsi, Zəngəzur dəhlizi ideyası, Naxçıvanla birbaşa quru bağının yaradılması kimi təşəbbüslər regionu yeni mərhələyə daşıyır. Azərbaycanın yaratdığı bu infrastruktur yalnız iqtisadi layihə deyil, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən strateji arteriesidir. Bu marşrutların bugünkü uğuru illər əvvəl vaxtında görülmüş işlərin və siyasi iradənin məntiqi nəticəsidir”.

Z. İbrahimliyə görə, bütün bu proseslər fonunda Türk Dövlətləri Təşkilatının və “Türküstan” kimliyinin siyasi leksikona qayıtması Azərbaycanın rolunu daha da artırır: “Azərbaycan həm coğrafi, həm mədəni, həm də siyasi baxımdan türkdilli məkanın birləşdirici sütunudur. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə  tamhüquqlu üzvlük isə bu körpünün rəsmi institutlaşması deməkdir. Nəticə etibarilə Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, bütün Türk dünyasının və Mərkəzi Asiyanın gələcək siyasi arxitekturasının formalaşmasında əsas söz sahibidir. Prezident İlham Əliyevin strateji vizyonu sayəsində ölkəmiz regionun taleyini dəyişən təşəbbüslərin mərkəzinə çevrilib və bu günün qərarı Azərbaycanın gələcək onilliklərdə aparıcı geosiyasi rola sahib olacağının ən böyük göstəricisidir”.

Zahid Rza, “İki sahil”