19 noyabr 2025 12:12
935

Sahil Babayev: Büdcə layihəsi Zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır

Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu Qələbə məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilib. Bu gün təqdim edilən büdcə layihəsi də məhz Zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi də tarixi Zəfərə gətirib çıxarmış yolun davamı kimi təqdim olunur. “Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də nəzərə alınır və Fitç agentliyindən sonra cari ildə “Moody`s” tərəfindən də Azərbaycanın suveren kredit reytinqi investisiya dərəcəsinə qaldırıldı”, - deyə S.Babayev bildirib.

Maliyyə naziri, həmçinin qeyd edib ki, dövlətimizin artan imkanları sosial təminatın gücləndirilməsinə, ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb: “Ölkə Prezidentinin təşəbbüsləri nəticəsində, 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əməkhaqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupdan olan vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına göstərdiyi diqqətin növbəti təzahürüdür”.