Media və informasiya məsələləri abstrakt sahələr deyil. Media həm yaddaşımızı, həm kimliyimizi, həm də mübarizəmizi özündə ehtiva edən strateji bir alətdir.
“İki sahil” xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında TDT-nin müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib.
Ortaq media əməkdaşlığının gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən nazir bildirib: “Şimali Kipr Türk Respublikası TDT çərçivəsində yaradılan mexanizmlərə, eləcə də media sahəsində əməkdaşlığa hazırdır. Düşünürəm ki, bu addım Türk dünyasının həmrəyliyini gücləndirir və informasiya sahəsində daha balanslı, obyektiv mühitin formalaşmasına töhfə verir. Biz artıq rəqəmsal təbliğatın, manipulyativ məlumatların və dezinformasiyanın ciddi təhlükə yaratdığı bir dövrdə yaşayırıq. Bu səbəbdən peşəkar təlim proqramlarının keçirilməsi, jurnalistlərin, gənc kontent istehsalçılarının və media mütəxəssislərinin bacarıqlarının artırılması son dərəcə vacibdir. Şimali Kipr Türk Respublikası bu sahədəki bütün səylərə töhfə verməyə hazırdır və müştərək layihələrdə fəal iştirak etməkdə maraqlıdır. Ortaq fəaliyyətlərimiz Türk dünyasının media gücünü daha da artıracaq və səsimizin qlobal arenaya daha səmərəli şəkildə çıxmasına imkan verəcək”.