Bakıda keçirilən TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısının yekununda media sahəsi üzrə TDT və üzv dövlətlər üçün tədbirlər planı təsdiq olunub. Bununla yanaşı, üzv dövlətlər arasında Kommünike imzalanıb və ictimaiyyətə təqdim edilib.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, Kommünikedə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizə, eləcə də regional və qlobal miqyasda informasiyanın yayılmasına etibarlı yanaşma üsullarının inkişaf etdirilməsi məsələləri əsas prioritetlərdir.
“Dövlət nümayəndə heyətlərinin rəhbərləri və üzvləri qeyd etdilər ki, həm yerli, həm də regional və qlobal səviyyədə keçirilən tədbirlərin təşkili və həmin tədbirlərdə iştirak zamanı qarşılıqlı dəstək vacibdir və bütün üzv dövlətlərin media qurumlarının bu prosesə daha sıx cəlb edilməsi təmin olunmalıdır.
Ötən dövrdə bu istiqamətdə mühüm işlər görülüb. Artıq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media qurumları arasında sıx əməkdaşlıq formatları mövcuddur. Bu əməkdaşlıq həm audiovizual, həm çap və onlayn media, həm də informasiya agentlikləri səviyyəsində həyata keçirilir. İnformasiya agentlikləri arasında imzalanmış memorandumlar uğurla icra olunur və nümayəndə heyətlərinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir. Həmçinin media qurumlarına tövsiyə olunub ki, gələcəkdə bu əməkdaşlıq xəttini daha da genişləndirsinlər”, - deyə Ə.İsmayılov vurğulayıb.
O əlavə edib ki, TDT-yə üzv ölkələrin informasiya agentliklərinin xüsusi bir alyansı mövcuddur və bu platforma çərçivəsində informasiya mübadilə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
Ə.İsmayılov növbəti görüşün gələn il Qazaxıstanın Astana şəhərində keçiriləcəyini bildirib.
Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır - Bu mövzuda tədbir keçirilib
Təsəvvür edirsiniz ki, müəllimsiniz və sinfinizdə üç şagird oturub - Emin Əmrullayev