Bu ilin oktyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq – 8 milyard 825 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 776 milyon manatı (88,1 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 45 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,5 %-ni təşkil edib.
Noyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 701 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,6 % çox, ilin əvvəli ilə müqayisədə 9,1 %, ötən ilin eyni dövrünə nisbətən 13,3 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 15,7 % artaraq 19,590 milyon, kredit kartlarının sayı isə 5,2 % azalaraq 2,111 milyon olub. Oktyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,539 milyard manat (illik müqayisədə 16,3 % çox) və 745 milyon manat (9,4 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1 %, POS-terminalların sayı isə 60,4 % artaraq müvafiq olaraq 3 516 ədəd (Bakı üzrə 1 894 ədəd) və 172 908 ədəd (Bakı üzrə 107 000 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib