03 dekabr 2025 16:28
263

Siyarto Aİ-nin Rusiyadan qaz idxalını qadağan etmək planını saxtakarlıq adlandırıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqının Rusiya təbii qazı və neftinin idxalını qadağan etmək planları diktat və hüquqi saxtakarlıqdır.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Siyarto bildirib ki, Macarıstan Brüsselin bu diktəsini qəbul edə və həyata keçirə bilməz.

O, Budapeştin bu qərara Aİ Ədalət Məhkəməsində etiraz edəcəyini vurğulayıb. Çünki bu, enerji siyasətinin yalnız dövlətlərin məsuliyyəti olduğunu bildirən Avropa İttifaqı haqqında Müqaviləyə tamamilə ziddir.

"Bu, hüquqi saxtakarlıqdır... ticarət siyasəti adı altında gizlədilən sanksiya tədbiri tətbiq olunur", - deyə, nazir qeyd edib.

Siyarto xatırladıb ki, sanksiyaların qəbul edilməsi üçün Aİ üzvlərinin yekdil səsverməsi tələb olunur.