16 dekabr 2025 00:57
162

Bu gün Ermənistanın sülhdən başqa real çıxış yolu yoxdur

Avropa İttifaqı (Aİ) və Ermənistan arasında dekabrın 2-də Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclasının yekununda imzalanan “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi regionda yeni müzakirələrə səbəb olub. Rəsmi olaraq əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyan bu sənədin mahiyyəti, məzmunu və zamanlaması bir sıra ziddiyyətli məqamları üzə çıxarır. Xüsusilə, postmünaqişə dövrünün reallıqları fonunda Ermənistan hakimiyyətinin tutduğu mövqe və atdığı addımlar sənədin arxasında yalnız Aİ-nin deyil, paralel şəkildə İrəvanın riyakarlıq və qeyri-səmimi yanaşmasının dayandığını göstərir. Milli Məclisin deputatı Pərvanə Vəliyeva İki sahil.TV-yə müsahibəsində məsələyə münasibət bildirib.

-Pərvanə xanım, Avropa İttifaqı və Ermənistan arasında imzalanmış  “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədini regionda formalaşmış yeni reallıqlar və Ermənistanın əvvəlki öhdəlikləri fonunda necə dəyərləndirirsiniz?

-Hesab edirəm ki, Aİ ilə Ermənistan arasında imzalanmış sənəd regionda formalaşmış yeni geosiyasi reallıqlarla ciddi ziddiyyət təşkil edir. Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyəti qəbul etməli, sülh və normallaşma prosesinə səmimi şəkildə yanaşmalı olduğu halda, bu sənədlə yenidən köhnə yanaşmalara üstünlük verdiyini nümayiş etdirir. Xüsusilə də Vaşinqtonda üzərinə götürdüyü öhdəliklər fonunda Aİ ilə imzalanan sənəddə Azərbaycana qarşı yönəlmiş müddəalara razılıq verməsi Ermənistan hakimiyyətinin qeyri-ardıcıl və riyakar siyasətinin göstəricisidir. Bu sənəd faktiki olaraq postmünaqişə dövrünün reallıqlarını nəzərə almır, beynəlxalq hüququn əsas prinsiplərinə və regionda sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə zidd məqamlar ehtiva edir. Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə bu cür sənədlərlə prosesi ləngidən addımlar atır. Bu yanaşma nə regional sabitliyə, nə də Ermənistanın öz gələcək maraqlarına xidmət edir. Azərbaycan isə prinsipial mövqeyini qoruyaraq sülhün yalnız qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü əsasında mümkün olduğunu qətiyyətlə vurğulayır.

-Azərbaycan Xarici İşlər Nazirliyi “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dərhal reaksiya verərək onun post-münaqişə dövrünün reallıqlarına və sülh gündəliyinə zidd olduğunu bəyan edib. Sizcə, bu sənəd regionda sülh prosesinə hansı risklər yaradır?

-Bu sənədin əsas riski ondan ibarətdir ki, postmünaqişə dövründə formalaşmış yeni reallıqları nəzərə almır və Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinin məntiqinə zidd yanaşmaları ön plana çıxarır. Xüsusilə də növbəti 7 ili əhatə edən strateji sənəddə Azərbaycana qarşı yönəlmiş müddəaların yer alması, regionda etimadın möhkəmlənməsinə deyil, əksinə, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Bu cür yanaşma Ermənistanı konstruktiv mövqedən uzaqlaşdırır və onu sülh danışıqlarında daha da qeyri-ardıcıl davranışa təşviq edir. Eyni zamanda, sənəd Aİ-nin regionda tərəfsiz vasitəçi imicinə də zərbə vurur və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir. Azərbaycanın mövqeyi aydındır: sülh yalnız qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması əsasında mümkündür. Bu prinsiplərə zidd olan hər hansı sənəd və ya təşəbbüs isə uzunmüddətli sabitliyə deyil, prosesin ləngiməsinə xidmət edir.

-Bu gün sülh sazişinin imzalanmasının qarşısında yeganə maneə kimi Ermənistan konstitusiyasında ərazi iddialarının qalması göstərilir. Sizcə, Ermənistan cəmiyyəti və siyasi elitası buna real şəkildə hazırdırmı?

-Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması təkcə hüquqi problem deyil, həm də uzun illər formalaşdırılmış siyasi düşüncənin göstəricisidir. Bu yanaşma cəmiyyətdə hələ də revanşist əhval-ruhiyyənin tam aradan qalxmadığını göstərir. Ermənistan rəhbərliyi beynəlxalq platformalarda sülhə hazır olduğunu bəyan etsə də, daxili siyasi müstəvidə bu mövqeyi açıq və qəti addımlarla möhkəmləndirmir. Konstitusiya kimi fundamental sənəddə dəyişiklik etməyə siyasi iradə göstərilməməsi də bunu təsdiqləyir. Əslində, sülh düşüncə və hüquqi bazanın dəyişməsi ilə mümkündür. Bu baxımdan Ermənistan cəmiyyəti və siyasi elitası reallıqları qəbul etməli, postmünaqişə dövrünün tələblərinə uyğunlaşmalıdırlar.  Azərbaycan isə açıq şəkildə göstərir ki, sülh sazişinin imzalanması üçün əsas şərt qarşılıqlı ərazi bütövlüyünün tanınması və bunu təsdiqləyən hüquqi təminatların yaradılmasıdır.

-Son günlər Robert Koçaryanın Vaşinqton razılaşmalarını “kağız parçası” adlandırması və revanşist ritorikanı gücləndirməsi nədən xəbər verir?

-Robert Koçaryanın Vaşinqton razılaşmalarını “kağız parçası” adlandırması və revanşist ritorikanı yenidən gündəmə gətirməsi Ermənistanda sülhə qarşı olan köhnə siyasi dairələrin hələ də fəal olduğunu göstərir. Bu cür açıqlamalar təsadüfi deyil və bir neçə mühüm məqamdan xəbər verir. Əvvəla, bu bəyanatlar Ermənistan daxilində siyasi böhran və fikir ayrılıqlarının dərinləşdiyini ortaya qoyur. Köhnə rejimi təmsil edən qüvvələr postmünaqişə dövrünün reallıqlarını qəbul etmək istəmir və cəmiyyəti yenidən illüziyalara, revanşist düşüncələrə sürükləməyə çalışırlar. Koçaryanın ritorikası məhz bu dairələrin maraqlarına xidmət edir. İkincisi, bu açıqlamalar Ermənistanın beynəlxalq öhdəliklərinə etinasız yanaşdığını və sülh prosesinə səmimi münasibət göstərmədiyini bir daha təsdiqləyir. Vaşinqton razılaşmalarını gözdən salmaq cəhdi həm ABŞ-ın sülhyaradıcı səylərinə hörmətsizlikdir, həm də Ermənistanın öz üzərinə götürdüyü məsuliyyətdən yayınmaq istəyinin açıq ifadəsidir. Nəhayət, revanşist ritorikanın gücləndirilməsi Ermənistan cəmiyyətində daxili auditoriyaya hesablanmış təhlükəli populizmdir. Bu yanaşma nə Ermənistanın gələcəyinə, nə də regionda sabitliyə xidmət edir. Əksinə, belə çıxışlar Ermənistanın beynəlxalq etibarlılığını zəiflədir və onu regional proseslərdən daha da təcrid edir. Azərbaycan isə bir daha nümayiş etdirir ki, sülhün alternativi yoxdur və bu proses yalnız reallıqların qəbul edilməsi, hüquqi öhdəliklərə hörmət və konstruktiv mövqe əsasında mümkündür.

-Ermənistan cəmiyyətinin böyük hissəsinin sülhə üstünlük verdiyi bildirilir. Sizcə, erməni xalqının Koçaryan-Sarkisyan tandeminin revanşist çağırışlarına laqeyd yanaşması nə ilə izah olunur və bu mövqe əksər ermənilərin sülhdən başqa real alternativ görmədiyini göstərirmi?

-Düşünürəm ki, erməni cəmiyyətinin Koçaryan-Sarkisyan tandeminin çağırışlarına laqeyd qalması, ilk növbədə, reallıqların artıq geniş kütlələr tərəfindən qəbul edilməsi ilə bağlıdır. İnsanlar yaxşı anlayırlar ki, bu gün Ermənistanın sülhdən başqa real çıxış yolu yoxdur. Uzun illər davam edən münaqişə, məğlubiyyət və ardıcıl uğursuz siyasətlər cəmiyyətə ciddi sosial-iqtisadi itkilər yaşadıb və bu, revanşist şüarların cəlbediciliyini minimuma endirib. Erməni xalqı artıq görür ki, Koçaryan və Sarkisyan kimi fiqurlar ölkəni indiki ağır vəziyyətə sürükləyən əsas simalardır. Bu baxımdan onların ritorikası cəmiyyətdə ümid deyil, əksinə, təhlükə və çıxılmazlıq hissi yaradır. Təsadüfi deyil ki, bu gün Koçaryan Ermənistanın gələcəyi üçün həll yolu deyil, əksinə, ölkənin “boğazındakı ilgək” kimi qəbul olunur. Bu laqeydlik, eyni zamanda, erməni cəmiyyətində dəyişən düşüncə tərzinin göstəricisidir. İnsanlar artıq populist çağırışlara deyil, real inkişaf perspektivlərinə, təhlükəsizliyə və regional əməkdaşlığa üstünlük verirlər. Məhz buna görə də sülh gündəliyi revanşist xəyallardan daha çox dəstək qazanır. Ermənistan cəmiyyətinin bu mövqeyi göstərir ki, keçmişin səhvlərini təkrarlamaq istəyi zəifləyir və reallıqlarla barışmaq zərurəti getdikcə daha açıq şəkildə dərk olunur.

-Azərbaycan sülh prosesində həm prinsipial mövqe, həm də səbir nümayiş etdirir. Lakin Ermənistan daxilində revanşist qüvvələrin prosesi sabotaj etməsi davam edərsə, rəsmi Bakının mümkün növbəti addımlarını necə görürsünüz?

-Azərbaycan bu gün sülh prosesinə açıq, amma eyni zamanda qətiyyətli yanaşma sərgiləyir. Səbr və konstruktivlik Bakının prosesə məsuliyyətlə yanaşmasının göstəricisidir. Lakin bu səbrin də bir həddi var. Əgər Ermənistan daxilində revanşist qüvvələr prosesə mane olmağa davam edərsə, Azərbaycan öz milli maraqlarını təmin etmək üçün alternativ mexanizmlərə üstünlük verə bilər. Bu, ilk növbədə, diplomatik müstəvidə daha sərt və prinsipial mövqenin ortaya qoyulması deməkdir. Azərbaycan beynəlxalq platformalarda Ermənistanın qeyri-konstruktiv davranışını daha açıq şəkildə gündəmə gətirəcək, real faktlar və hüquqi əsaslarla mövqeyini gücləndirəcək. Eyni zamanda, regional layihələrdə və əməkdaşlıq formatlarında Ermənistanın kənarda qalması reallığı daha da dərinləşə bilər. Digər tərəfdən, Azərbaycan təhlükəsizlik məsələlərində də özünütəmin prinsiplərini əsas götürür. Dövlət açıq şəkildə göstərib ki, ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi müzakirə mövzusu deyil. Ermənistan revanşist ritorikadan əl çəkməzsə, məsuliyyət tam şəkildə onun üzərinə düşəcək. Əgər qarşı tərəf bu imkandan imtina edərsə, Azərbaycan regionda formalaşan yeni reallıqlar çərçivəsində öz yolunu qətiyyətlə davam etdirəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”