10 may 2026 11:00
159

Yenidən qurulan Cəbrayıl və yaxud Şükürbəylinin sevinci - ŞƏRH

İşğal dövründə Ermənistan Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir. Hətta Cəbrayılda bayraq sancmağa belə bina qalmamışdı. 27 il ərzində ermənilər tərəfindən dağıdılan və Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edilən Cəbrayıl hazırda yenidən qurulur və bərpa olunur. Azərbaycan Prezidentinin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq, məcburi köçkünlər də mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Bir sözlə, düşmənin xarabalığa çevirdiyi Cəbrayılda bu gün həyat qaynayır. 

Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə dövlətimizin başçısı hazırda Cəbrayıl rayonunda bir neçə min insanın yaşadığını vurğulayaraq bilirib ki, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq.  Məlumata görə, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib (Xatırladaq ki, 2024-cü il sentyabrın 26-da ilk köç karvanı Cəbrayıl şəhərinə yola salınıb).

Bu kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli üçün bir sıra işlər görülüb. Burada hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib, 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və “İP TV” şəbəkələri yaradılıb, yollar asfaltlanıb.
Prezident, həmçinin vurğulayıb ki, sakinlərin məşğulluq məsələləri də həll edilir: “Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda.” Qeyd edək ki, Cəbrayıl rayonunda fəaliyyət göstərən  “Araz Vadisi” Sənaye Zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. Bu sənaye zonasının daha da böyüyəcəyi istisna deyil. “Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq” deyən Prezident vurğulayıb ki, Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat: ”Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar”. 

Sevinclərini Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə bölüşən sakinlər bütün bunlara görə minnətdarlıqlarını bildiriblər. Məsələn, həmin görüşdə sakinlərdən biri deyib: “Möhtərəm Prezident, əziz Mehriban xanım. Mən də bir neçə kəlmə demək istəyirəm. Bu gün bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə ürəkdən cansağlığı, uzun ömür arzulayıram”. 

Məlumat üçün bildirək ki, bu səfər çərçivəsində Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib. Dövlətimizin başçısı, həmçinin 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikaintisi ilə tanış olub, rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan əzəli torpaqlarımıza ilk səfəri də Cəbrayıldan başlayıb. Ölkə rəhbəri Azərbaycan bayrağını işğaldan azad olunmuş ərazilərdə ilk dəfə Cəbrayıl şəhərində və Xudafərin körpüsündə qaldırıb. 

Qvami Məhəbbətoğlu, “İki sahil”