16 dekabr 2025 09:54
124

Sosial şəbəkələr ailədaxili münasibətləri necə dəyişir?

Teymur Mərdanoğlu: Rəqəmsal balansın qorunması, ailə daxilində keyfiyyətli ünsiyyətə zaman ayrılması və texnologiyadan məsuliyyətli istifadə ailə münasibətlərinin möhkəmləndirilməsi üçün vacib şərtlərdən biridir

Rəqəmsal texnologiyaların sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi ailədaxili münasibətlərə də ciddi təsir göstərir. İnternet artıq təkcə informasiya mənbəyi deyil, həm də ünsiyyət, əyləncə və sosiallaşma vasitəsidir. Lakin bu geniş imkanlarla yanaşı, ailə münasibətlərində həm müsbət, həm də mənfi tendensiyalar müşahidə olunur. Bunun mənfi nəticələri ilə bağlı kifayət qədr müzakirələr mövcuddur. Belə ki, BMT-nin 2024-cü ildə tərtib etdiyi "Ailənin trendləri (Family trends)" adlı qlobal hesabatda yeni texnologiyalar və rəqəmsallaşdırmanın ailə həyatına gətirdiyi çağırışlara cavablar ilk sırada yer alıb. 

Ailə bağları bir zamanlar axşam süfrəsi arxasında edilən səmimi söhbətlər, bir-birinin gözünə baxaraq paylaşılan gündəlik sərgüzəştlərlə möhkəmlənirdi. Bu gün isə həmin səhnənin yerini çox vaxt eyni məkanda, lakin rəqəmsal ekranlarda yaşayan insanlar alır. Artıq ailəvi görüşlərdə süfrə ətafında vaxtını səmərəsiz istifadə edən və texnologiyanın əsiri olmuş səssiz insanlar əyləşir. Smartfonlar, sosial şəbəkələr və internet həyatımıza sürət, rahatlıq və saysız-hesabsız imkanlar gətirsə də, ailədaxili münasibətlərdə görünməz, lakin dərin izlər buraxır. Məhz bu görünməz dəyişikliklər ailə bağlarının necə formalaşdığını, necə zəiflədiyini və bəzən də necə yenidən qurulduğunu anlamağı zəruri edir.

Mütəxəssislər qeyd edirlər ki, virtual mühitdə yaranan yanlış anlaşılmalar, qısqanclıq halları və şəxsi həyatın sosial mediada həddindən artıq paylaşılması ailə münasibətlərində gərginlik yarada bilər. Bəzi hallarda bu, etimad problemlərinə və ciddi konfliktlərə qədər genişlənə bilir. Uşaqlar və yeniyetmələr isə xüsusilə diqqət mərkəzindədirlər. İnternetin nəzarətsiz istifadəsi uşaqların psixoloji inkişafına, davranış modellərinə və ailə dəyərlərinə təsir göstərə bilər. Günümüzdə real və canlı valideyn-uşaq münasibətləri virtual məkanda keçirilən vaxt itkisi ilə əvəz olunur. Bunun qarşısını almaq üçün ekspertlər valideynlərin qadağalardan daha çox izah və birgə razılaşma yolu ilə internet istifadəsini tənzimləmələrini tövsiyə edirlər. Ailə daxilində açıq dialoq və rəqəmsal savadlılığın artırılması bu risklərin azalmasına kömək edə bilər.

Əsas məsələ sosial şəbəkələrin mövcudluğu deyil, onlardan istifadə balansının qorunmasıdır. Ailə üzvlərinin birlikdə vaxt keçirmələri, ortaq fəaliyyətlərə üstünlük vermələri və canlı ünsiyyətə önəm verilməsi internetin mənfi təsirlərini minimuma endirə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, internet və sosial şəbəkələrin sürətlə həyatımıza daxil olması ailədaxili münasibətlərə də birbaşa təsir göstərir: "Texnoloji alətlərə həddindən artıq asılılıq ailə üzvləri arasında canlı ünsiyyətin azalmasına, emosional yaxınlığın zəifləməsinə və qarşılıqlı anlaşmada boşluqların yaranmasına səbəb olur. Xüsusilə eyni məkanda olub, fərqli ekranlara yönəlmək ailə dəyərlərinin ötürülməsini çətinləşdirir, uşaqların və yeniyetmələrin sağlam ünsiyyət bacarıqlarının formalaşmasına mənfi təsir göstərir. Bu baxımdan rəqəmsal balansın qorunması, ailə daxilində keyfiyyətli ünsiyyətə zaman ayrılması və texnologiyadan məsuliyyətli istifadə ailə münasibətlərinin möhkəmləndirilməsi üçün vacib şərtlərdən biridir. Bu kimi problemlərin qarşısının alınması üçün ilk növbədə ailə daxilində sağlam ünsiyyət mühitinin formalaşdırılması vacibdir. Ailə üzvləri birgə vaxt keçirməyə, açıq dialoqa və qarşılıqlı dinləməyə xüsusi önəm verməlidirlər.

Teymur Mərdaoğlunun sözlərinə görə, texnoloji alətlərdən istifadə zamanı ailədaxili razılaşdırılmış qaydaların müəyyənləşdirilməsi, xüsusilə yemək vaxtı və ailəvi görüşlər zamanı ekranlardan uzaq qalmaq ünsiyyətin keyfiyyətini artırır: "Valideynlərin fərdi davranışları uşaqlar üçün nümunə olmaqla yanaşı, bu prosesdə həlledici rol oynayır. Uşaqlara texnologiyadan düzgün və məqsədyönlü istifadənin aşılanması onların gələcək davranışlarına müsbət təsir göstərir.

Eyni zamanda, rəqəmsal savadlılığın artırılması, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi və ailə dəyərlərini təşviq edən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi bu sahədə dayanıqlı nəticələrin əldə olunmasına xidmət edir. Nəticə etibarilə, sosial şəbəkələr və internet ailədaxili münasibətlərə birmənalı təsir göstərmir. Bu təsir istifadə mədəniyyətindən, ailə dəyərlərindən və qarşılıqlı anlayış səviyyəsindən asılıdır. Düzgün və məqsədyönlü yanaşma olduqda internet ailə münasibətlərini zəiflədən deyil, əksinə, onları dəstəkləyən bir alətə çevrilə bilər."

Şahnigar Əhmədova, "İki sahil"