16 dekabr 2025 12:53
141

Vergi Məcəlləsinə maliyyə institutları ilə bağlı yeni tələblər əlavə olunur

Vergi Məcəlləsinə dəyişiklik edilir.

“İki sahil” xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin dekabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.

Məcəlləyə əlavə edilən yeni maddəyə görə, maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların və sənədlərin bu Məcəllənin 76-1.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.