Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb və səsvermə yolu ilə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli İctimai Şuranın sədri, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, “Azərbaycan Maarifçilər Assosiasiyası”nın üzvü Günel Əmiri katib seçilib. Daha sonra İctimai Şura üzvlərinin Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüşü olub.
“İki sahil” xəbər verir ki, görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni formalaşmış İctimai Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.
Qeyd olunub ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar məhsulların istehsalı və ixracının artırılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpası, aqrar sahədə yeni texnologiya və innovasiyaların tətbiqi, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair layihələrin dəstəklənməsi, fermerlərin rifah halının yaxşılaşdırılması Nazirliyin qarşısında duran əsas vəzifələrdir və bu istiqamətlərdə davamlı işlər görülür. Vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətlər üzrə ictimai iştirakçılıq fəaliyyətini gücləndirməsi, maarifləndirmə işində fəal iştirak etməsi vacib amillərdən biridir. Nazir Məcnun Məmmədov İctimai Şuraya seçilən üzvlərin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin Nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.
İctimai Şuranın sədri Mürvət Həsənli müxtəlif Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və İctimai Şura tərəfindən bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planının hazırlanacağını vurğulayıb. Görüşdə İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.