Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 20 ili tamam olur. Bu münasibətlə Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən videoçarx hazırlanıb.
“İki sahil” xəbər verir ki, videoçarx FHN-in ötən 20 illik fəaliyyətinin videokadrlar vasitəsilə qısa hesabatı xarakteri daşıyır.
Videoçarxda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” müdrik kəlamını fəaliyyət prinsipi kimi qəbul etmiş FHN-in yaranması, peşəkar və çevik qurum kimi formalaşmasında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını əks etdirən kadrlar yer alıb.
Həmçinin müxtəlif vaxtlarda baş vermiş fövqəladə hadisələr zamanı dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın daim zərərçəkənlərin yanında olması, onların probemlərinin həllinə xüsusi həssaslıqla yanaşması, fəlakətlərin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətin bütün resurslarını səfərbər etməsi videokarlarla izləyiciyə təqdim olunur.