17 dekabr 2025 12:15
150

Zob özünü belə göstərir...

Yorğunluq, ürək döyüntülərinin artması, həddindən artıq tərləmə və istəmədən çəki itirmə kimi simptomlar çox vaxt gərgin həyat tərzi ilə əlaqələndirilsə də, əsas səbəb zəhərli zob ( toxic guatr) ola bilər. Bədənin maddələr mübadiləsini idarə edən tiroid hormonlarının həddindən artıq istehsalından qaynaqlanan bu vəziyyət ürəkdən həzm sisteminə qədər bir çox orqana təsir göstərərək həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala və vaxtında aşkarlanmazsa, daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Türkiyənin Endokrinologiya və Metabolik Xəstəliklər Klinikası zəhərli zobla bağlı açıqlama yayıb. Klinikanın həkim-endokrinoloqu Esra Tutal bildirib ki, qalxanabənzər vəz boynun ön hissəsində yerləşən və T3, T4 hormonlarını ifraz edən, orqanizmin ən böyük endokrin vəzidir.

Həkimin sözlərinə görə, qalxanabənzər vəzin hormonları toxumaların inkişafı, beynin formalaşması, enerji sərfiyyatı və oksigen istehlakı kimi həyati proseslərdə mühüm rol oynayır. Bu hormonlar eyni zamanda ürək, qaraciyər, böyrəklər, skelet əzələləri və dəri toxumasına da birbaşa təsir göstərir.

Esra Tutal qeyd edib ki, zəhərli zob orqanizmin normadan artıq miqdarda qalxanabənzər vəz hormonuna məruz qalmasıdır. Bu vəziyyət bəzən vəzin həddindən artıq hormon istehsal etməsi, bəzən isə qalxanabənzər vəzin iltihabi xəstəlikləri nəticəsində yaranır.

Mütəxəssis zəhərli zobun əlamətlərinin xəstəliyin səbəbindən asılı olaraq dəyişə biləcəyini bildirib. Onun sözlərinə görə, xəstələrdə ürəkdöyünmə, əsəbilik, tez yorulma, ishal, həddindən artıq tərləmə, istiyə dözümsüzlük, normal qidalanmaya baxmayaraq çəki itkisi kimi şikayətlər müşahidə oluna bilər. Bəzi hallarda gözlərin böyüməsi və önə çıxması, eləcə də ayaq dərisinin qızarması və qalınlaşması kimi əlamətlər də ortaya çıxır.

Zəhərli zobun diaqnozunun ilkin olaraq tibbi müayinə və qan analizləri ilə qoyulduğunu bildirən Esra Tutal qeyd edib ki, qanda T3, T4, TSH hormonlarının səviyyəsi, eləcə də bəzi qalxanabənzər vəz anticisimləri yoxlanılır. Diaqnostika prosesində ultrasəs müayinəsi və sintiqrafiya da istifadə olunur.

Mütəxəssisin sözlərinə görə, hazırda zəhərli zobun müalicəsində üç əsas üsul mövcuddur: dərman müalicəsi, cərrahi əməliyyat və radioaktiv yod müalicəsi. Hansı müalicə üsulunun seçiləcəyi xəstəliyin səbəbi, ağırlıq dərəcəsi və xəstədə mövcud olan digər sağlamlıq problemləri nəzərə alınmaqla müəyyən edilir.

Şahnigar Əhmədova, "İki sahil"