18 dekabr 2025 00:56
146

Ürəyin sağlamlığını qoruyan və xərçənglə mübarizə aparan “qırmızı şəfa"

Güclü antioksidant təsirinə görə “qırmızı şəfa” adlandırılan likopen sağlamlıq üçün əsl təbii məhlul hesab olunur. Ürək-damar sistemini qoruyan, xərçəng riskini azaldan bu maddə əsasən pomidor, bibər və qarpız kimi qırmızı meyvə-tərəvəzlərdə bol miqdarda mövcuddur. Mütəxəssislərin fikrincə, xüsusilə zeytun yağı ilə bişirilmiş və günəşdə qurudulmuş pomidorda likopenin miqdarı daha yüksək olur.

Kardiologiya üzrə mütəxəssis, professor Fatih Mehmet Uçar bildirib ki, qırmızı rəngli meyvə və tərəvəzlərin tərkibində olan likopenin müntəzəm istehlakı bir çox xəstəliklərin qarşısının alınmasına kömək etməklə yanaşı, ümumi sağlamlığı da dəstəkləyir.

Professor Uçarın sözlərinə görə, likopen təbiətdə geniş yayılmış, qırmızı rəngi verən güclü antioksidantdır. Ən zəngin mənbə isə pomidordur. Bundan əlavə, qarpız, itburnu, qulançar, ərik, qırmızı bibər və xurma da likopenlə zəngin qidalar sırasındadır. Bu məhsulların gündəlik qida rasionunda yer alması orqanizmin likopen ehtiyacının qarşılanmasına kömək edir. Mütəxəssis qeyd edib ki, likopen sərbəst radikallarla (bədəndə yaranan zərərli, qeyri-stabil molekullar) mübarizə apararaq hüceyrələri qoruyur və xərçəngin yaranma riskini azaldır. Eyni zamanda, iltihabəleyhinə xüsusiyyətləri sayəsində dəri xəstəliklərinə qarşı qoruyucu təsir göstərir, sümük sağlamlığını möhkəmləndirir və ağrıların azalmasına töhfə verir.

Likopenin göz toxumalarını oksidativ stresdən qoruyaraq görmə keyfiyyətini artırdığı, sinir hüceyrələrini dəstəkləyərək yaddaşı gücləndirdiyi və yaddaş zəifləməsinin qarşısını almağa kömək etdiyi də vurğulanır. Bundan başqa, ürək-damar xəstəlikləri riskinin azalmasında da mühüm rol oynayır.

Professor Uçarın sözlərinə görə, antioksidantlar sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır. Bu baxımdan likopen xərçənglə mübarizədə xüsusilə dəyərli maddə hesab olunur: “Sərbəst radikallar hüceyrə strukturunu pozaraq xərçəngin yaranmasına şərait yaradır. Antioksidantlar isə bu prosesi ləngidir və ya dayandırır. Likopenin antixərçəng təsiri də məhz buradan qaynaqlanır.”

Likopenin ürəyin sağlamlığına da müsbət təsir göstərdiyini deyən mütəxəssis bildirib ki, bu maddə "pis xolesterin" kimi tanınan LDL-ni azaltmağa, "yaxşı xolesterin" olan HDL-ni isə artırmağa kömək edir. Eyni zamanda, damar divarlarını qoruyur, damar tıxanıqlığının qarşısını alır, qan axınını tənzimləyir və infarkt riskini azaldır.

Əksər hallarda tərəvəzlərin bişirildikdə faydasının azaldığı düşünülür. Lakin pomidor üçün bu qayda keçərli deyil. Professor Uçar qeyd edib ki, pomidor bişirildikdə tərkibindəki likopenin miqdarı artır və daha güclü antioksidant təsir göstərir. Xüsusilə zeytun yağı ilə bişirilən pomidor likopenin orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə yüksəldir.

Mütəxəssislər qeyd edirlər ki, likopen yağla birlikdə qəbul edildikdə orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bu səbəbdən zeytun yağı ilə hazırlanan yeməklər, günəşdə qurudulmuş pomidor, pomidor əzməsi və pomidor sousları likopen baxımından ən zəngin və faydalı qida mənbələri hesab olunur.

Şahnigar Əhmədova, "İki sahil"