18 dekabr 2025 00:14
242

Zehni sağlamlıq üçün "sosial media detoksu"

Yeni araşdırmalar göstərir ki, sosial mediadan istifadəyə qısa müddət ara vermək belə zehni sağlamlığı yaxşılaşdırır. "JAMA Network" adlı akademik jurnalda dərc olunan tədqiqata əsasən, qısamüddətli sosial media detoksu həyəcan pozuntusu (anksiyete), depressiya və yuxu problemlərinin azalmasına müsbət təsir göstərib.

Harvard Universitetinin alimləri 18-24 yaş aralığında olan 295 gəncin ruhi sağlamlığını üç həftə ərzində izləyiblər. İştirakçılar ilk iki həftə ərzində sosial mediadan adi qaydada istifadə ediblər, üçüncü həftədə isə 7 günlük fasilə veriblər.  Araşdırmanın nəticələri göstərib ki, bu qısa detoks dövrü həyəcan pozuntusu əlamətlərini 16 faiz, depressiv simptomları təxminən 25 faiz, yuxu problemlərini isə 14 faiz azaldıb. Xüsusilə tədqiqatın əvvəlində daha ağır depressiya əlamətləri göstərən iştirakçılardakı dəyişikliklər daha nəzərəçarpan olub. Bununla belə, alimlər sosial mediadan uzaq qalmağın iştirakçıların sosial münasibətlərinə təsir etmədiyini və həftələr üzrə bu göstəricidə əhəmiyyətli fərq müşahidə olunmadığını bildiriblər.

Boston şəhərində yerləşən Harvard Tibb Məktəbinin psixiatriya üzrə dosenti və tədqiqatın həmmüəllifi doktor Con Torous "The New York Times" qəzetinə açıqlamasında sosial mediadan istifadənin azaldılmasının yeganə çıxış yolu kimi təqdim edilməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ruhi sağlamlıq ilə bağlı müalicə alan şəxslər üçün faydalı olub-olmadığını yoxlamaq məqsədilə sosial mediadan istifadənin azaldılması sınaqdan keçirilə bilər. Lakin o, bu yanaşmanın hər kəs üçün eyni nəticə verəcəyinə zəmanət olmadığını da əlavə edib. Doktor Torous qeyd edib ki, orta göstəricilər ümidverici olsa da, nəticələr bütöv mənzərəni tam əks etdirmir və kifayət qədər böyük fərqlər var.

Bu araşdırma Pensilvaniya Universitetində aparılmış başqa bir tədqiqatın nəticələrindən sonra gündəmə gəlib. Həmin araşdırmada yeniyetməlik dövründə smartfona sahib olmağın və onun müntəzəm istifadəsinin depressiya, piylənmə və yuxu çatışmazlığı da daxil olmaqla bir sıra psixi və fiziki sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyi müəyyən edilmişdi. Araşdırmanın nəticəsində 12 yaşında smartfon sahibi olan uşaqlarda piylənmə, yuxu problemləri və depressiya riskinin daha yüksək olduğu aşkarlanmışdı. Nəticələrə görə, uşağın smartfona nə qədər erkən sahib olması, sağlamlıqla bağlı nəticələrin də bir o qədər mənfi olmasına gətirib çıxarır.

Tədqiqatın baş müəllifi, doktor Ran Barzilay bildirib ki, bu nəticələr smartfonların yeniyetmələrin sağlamlığında mühüm amil kimi qiymətləndirilməli olduğunu göstərir: “Nəticələr bir uşağa smartfon vermə qərarına daha ehtiyatla yanaşmağımızın, bunun onun həyatına və sağlamlığına mümkün təsirlərini nəzərə almağımızın vacibliyini ortaya qoyur.”

Bununla yanaşı, həm Barzilay, həm də Torous smartfonların uşaqların və yeniyetmələrin ruhi sağlamlığı üçün tamamilə mənfi amil kimi təqdim edilməməli olduğunu vurğulayaraq xəbərdarlıq ediblər. Mütəxəssislərin fikrincə, bir çox yeniyetmələr üçün smartfonlar sosial əlaqələrin gücləndirilməsi, öyrənmənin dəstəklənməsi və şəxsi inkişafı təşviq edən məlumat və resurslara çıxış baxımından müsbət rol oynaya bilər. Eyni zamanda, bəzi ailələr üçün smartfon təhlükəsizlik və ünsiyyət məqsədilə zəruri vasitə hesab olunur.

Şahnigar Əhmədova, "İki sahil"