Alimlər müəyyən ediblər ki, gündə bir neçə ədəd siqaret çəkmək belə ürək-damar xəstəlikləri və vaxtsız ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Tütün məmulatlarının ürək, insult və xərçəng xəstəlikləri kimi ciddi sağlamlıq problemləri ilə birbaşa əlaqəli olduğu uzun illərdir elmi şəkildə sübut edilib. Buna baxmayaraq, bəzi insanlar bu vərdişi tamamilə tərgitmək əvəzinə tütün məmulatlarının istehlakını azaltmaqla sağlamlıqlarını qoruduqlarını düşünürlər.
Cons Hopkins Sikaron Ürək-Damar Xəstəliklərinin Qarşısının Alınması Mərkəzinin alimləri bu yanaşmanın real təsirini qiymətləndirmək məqsədilə genişmiqyaslı araşdırma aparıblar. Tədqiqat çərçivəsində ABŞ-da aparılmış 22 uzunmüddətli araşdırmanın nəticələri təhlil olunub və ümumilikdə 320 min yetkin şəxsin 20 illik sağlamlıq göstəriciləri nəzərdən keçirilib. Bu dövr ərzində 54 min ürək-damar hadisəsi, o cümlədən infarkt, insult və ürək çatışmazlığı, eləcə də 125 mindən çox ölüm halı qeydə alınıb. Araşdırmanın nəticələrinə əsasən, gündə 2-5 ədəd siqaret çəkən şəxslərin hər hansı səbəbdən ölüm riski heç vaxt siqaret çəkməmiş insanlarla müqayisədə 60 faiz, ürək-damar xəstəliyinə tutulma ehtimalı isə 50 faiz daha yüksək olub. Gündə 11-15 ədəd siqaret çəkənlərdə isə ürək-damar xəstəlikləri riski 84 faiz artıb, ümumi ölüm riski isə təxminən iki dəfə yüksəlib. Bununla belə, risklərin heç vaxt siqaret çəkməmiş şəxslərlə eyni səviyyəyə enməsi üçün 30 ilə qədər vaxt lazım ola biləcəyi müəyyən olunub.
Araşdırmanın müəlliflərindən biri, professor Maykl Blaha bildirib ki, hətta az miqdarda siqaret istifadəsi belə ciddi sağlamlıq riskləri yaradır: “Gündə cəmi 2-5 ədəd siqaret çəkmək araşdırmada qiymətləndirilən bütün göstəricilər üzrə risk artımı ilə müşayiət olunub. Az miqdarda siqaret istehlakının belə nə qədər zərərli olduğunu və erkən tərgitməyin uzunmüddətli ürək sağlamlığı üçün nə qədər vacib olduğunu görmək bizi də təəccübləndirdi.”
Mütəxəssislər bildirirlər ki, bu araşdırma tütün istifadəsi ilə bağlı indiyədək aparılmış ən əhatəli elmi işlərdən biridir və əsas mesaj aydındır: siqareti azaltmaq kifayət deyil, onu mümkün qədər erkən və tam şəkildə tərgitmək həyati əhəmiyyət daşıyır.
Şahnigar Əhmədova, "İki sahil"