Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəri çərçivəsində Niderland Krallığının xarici ticarәt vә inkişaf naziri Aukje de Vries, Xarici İşlәr Nazirliyinin (XİN) baş katibi Christiaan Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink, Niderlandın Baş nazirinin milli təhlükəsizlik müşavirinin müavini Joost van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vә İnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnin digәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, görüşlərdə Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Cari il ərzində iki ölkə arasında siyasi münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb, bu xüsusda ən mühüm nəticə kimi Avropa Siyasi Birliyinin Kopenhagendə Zirvə görüşündə Prezident İlham Əliyev ilə Baş nazir Dik Sxof arasında keçirilmiş görüşdə bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair razılığın əldə olunduğu, eləcə də il ərzində xarici işlər nazirlərinin görüşünün, XİN-lərarsı məsləhətləşmələrin, xarici işlər nazirinin müavinləri və digər səviyyədə qarşılıqlı səfərlərin davamlı siyasi dialoqa töhfə verdiyi bildirilib.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə xüsusi diqqət yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, davamlı siyasi məsləhətləşmələrin aparılması və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə yönəldilib, müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib, gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran yeni prioritet istiqamətləri müzakirə edilib.
Tərəflər yalnız hökumətlərarası dialoqun deyil, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da ölkələr arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edə biləcəyini vurğulayıblar. Hər iki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün atıla biləcək addımlar, parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili, dostluq qruplarının fəaliyyəti kimi mövzular müzakirə olunub.
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addömlar, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilər çirkləndirilməsinin yaratdığı problemlər barədə tərəf müqabillərini məlumatlandırıb. Niderland tərəfi isə öz növbəsində normallaşma istiqamətində irəliləyişi alqışlayıb və sülh prosesinə öz tam dəstəyini ifadə edib.
Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər və regional nəqliyyat bağlantılarının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. 2025-ci ilin Aİ-Azərbaycan münasibətləri baxımından müsbət dinamika ilə səciyyələndiyi, növbəti aylar ərzində bu dinamikanın qorunub-saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.
E.Əmirbəyov cari ilin dekabrın əvvəlində qəbul olunmuş "Aİ-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik" adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyini vurğulayıb, Avropa İttifaqının normallaşma prosesinin dəstəklənməsi istiqamətində göstərdiyi səylərin Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə, tərəflər arasında etimadı sarsıtmayacağına və Azərbaycan-Aİ münasibətlərini çətinləşdirməyəcəyinə ümid bəslədiyini ifadə edib.
Səfər Azərbaycan və Niderland arasında iqtisadi sahədə tərəfdaşlığın gücləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsinin aparılması nöqteyi-nəzərdən də əhəmiyyətli olub. Bu xüsusda XİN-in Avropa İdarәsinin rәisi Erik Weststrate, ticarət üzrə xüsusi elçi Mark Hasselaar, Niderland Sahibkarlıq Agentliyinin (RVO) və Sәnaye vә Sahibkarlar Konfederasiyasının (VNO-NCW) rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşdə kənd təsərrüfatı, su idarəetməsi, liman infrastrukturu, nəqliyyat, logistika, bərpa olunan enerji, yüksək texnologiyalar,şəhərsalma kimi sahələrdə əməkdaşlıq, ticarət dövriyyəsinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində konkret addımların atılması imkanları müzakirə edilib. Niderland tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlığa marağını ifadə edib və qısa zamanda potensial sahələrdə münasibətlərin dərinləşməsinin tərəfdarı olduğunu bildirib.
Səfər çərçivəsində Niderlandın aparıcı beyin mərkəzi olan Beynәlxalq Münasibәtlәr İnstitutu "Clingendael" tərəfindən dəyirmi masa təşkil olunub. Bölgəmiz üzrə ixtisaslaşan ekspertlərin, Niderland XİN-in, aparıcı mətbuat orqanlarının nümayəndələrinin iştirak etdiyi dəyirmi masada çıxış edən Prezidentin nümayəndəsi Cənubi Qafqazda gedən geosiyasi proseslər, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, Azərbcaynın Aİ, NATO və Niderland ilə münasibətləri haqqında danışıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Səfər vaxtı E.Əmirbəyov, habelə "Holland Times" qəzetinə və Haaqada yerləşən analitik mərkəzlərin nümayəndələrinə müsahibələr verib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edilib - SƏRƏNCAM