30 il düşmənə əsir düşən müqəddəs yurd yerimiz olan Qarabağımız 44 günə Vətənimizin qeyrətli, mətin oğulların qanı bahasına azadlığa qovuşdu. Məhz Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açan zəfər şəhidi baş leytenant Vüsal Kazımov bu şərəfli yolda göstərdiyi qəhrəmanlığı ilə adını tarixə yazdı. Parlaq qələbəmizin mərdlik simvolu kimi adı dillərdən düşməyən şəhidimizin 35 yaşı tamam oldu. İndi milyonların ürəyində yaşayan Vüsal Kazımovun xatirəsini yad etmək məqsədilə Astara Pedaqoji Kollecində şahmat yarışı keçirildi.
Təhsil ocağından bildirildi ki, bu yarış gənclərin intellektual inkişafına töhfə verməklə yanaşı, həm də onlarda vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və Vətən yolunda canından keçib tarix yazan hər bir şəhidin xatirəsinə sədaqət hissinin formalaşdırılmasına xidmət edir.
Həmçinin iki gündə şahmat lövhəsi üzərində aparılan hər bir mübarizə, zəfər şəhidi Vüsal Kazımovun göstərdiyi iradə, qətiyyət və Vətən sevgisinin rəmzi kimi dəyərləndirilir, bu cür tədbirlər gənc nəslin milli ruhda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
Şəhid baş leytenant Vüsal Kazımovun ruhu qarşısında ehtiramla baş əyir, qələbə uğrunda gərgin mübarizə aparıb qalib adını qazanan yarış iştirakçılarını təbrik edirik.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü