19 dekabr 2025 02:33
224

Gündə bir saat telefonsuz gəzinti nələri dəyişdirə bilər?

Son dövrlərdə sosial şəbəkələrdə yeni bir sağlam həyat tərzi trendi populyarlıq qazanıb- telefonsuz gəzinti. Bu yanaşma xüsusilə "Women’s Health" jurnalının müxbiri Serene Madaninin şəxsi təcrübəsindən sonra geniş maraq doğurub.

Madani bir həftə ərzində hər gün telefonunu evdə qoyaraq bir saatlıq gəzintiyə çıxmağı sınaqdan keçirib. O, gəzintidən əvvəl telefona baxmayıb, diqqətini ətraf mühitə yönəldib və gündəlik həyatında daim mövcud olan texnologiyadan uzaqlaşıb. Təcrübənin ikinci günündən etibarən Madani gəzinti zamanı bir rəng seçərək diqqətini həmin rəngdə olan obyektlərə yönəltməyə başlayıb. Bu üsul, anı yaşamağa təşviq edir və gəzinti zamanı zehni məşğulluğu azaltmağa kömək edir.

Eksperimentin sonunda jurnalist dörd əsas nəticə əldə etdiyini bildirib: anı yaşamaq və məhsuldarlığın artması; mənfi düşüncələrin azalması; daha sakit və balanslı səhərlər.

Mütəxəssislər bildirirlər ki, gəzintinin həm ruhi sağlamlığa, həm də ümumi fiziki vəziyyətə müsbət təsiri uzun müddətdir elmi şəkildə sübut olunub. "Mayo Clinic"in məlumatına görə, gündəlik gəzintilər ürək xəstəliklərinin qarşısının alınmasına və ya nəzarətdə saxlanmasına, sümük və əzələlərin möhkəmlənməsinə, həmçinin zehni funksiyaların, əhvalın və yaddaşın yaxşılaşmasına kömək edir.

Telefonsuz gəzinti 2023-cü ildə populyarlaşan və musiqi və ya podkast dinləmədən gəzməyi təşviq edən “səssiz gəzinti” adlı "TikTok" trendinə bənzər yanaşma kimi qiymətləndirilir.

Mütəxəssislər açıq havada gəzintilərin faydasını uzun illərdir vurğulasalar da, texnologiyanı müvəqqəti olaraq kənara qoymağın əhəmiyyətinə xüsusi diqqət çəkirlər. Psixiatriya və Davranış Elmləri üzrə klinik dosent, doktor Rael Kahn "Health.com" saytına açıqlamasında bildirib ki, səssiz və telefonsuz gəzinti şüurlu davranış meditasiyasına əsaslanan “şüurlu gəzinti” anlayışını xatırladır.

Onun sözlərinə görə, texnologiya olmadan gəzmək olduqca təsirli bir təcrübədir. Araşdırmalar göstərir ki, yatmazdan əvvəl və yuxudan oyandıqdan sonra telefon istifadəsi həyəcan pozuntusu və depressiya riskini artıra bilər. Gəzinti zamanı telefonu evdə qoymaq isə insanlara bildirişlərdən uzaqlaşıb ətraf mühitə köklənmək və zehni rahatlamaq imkanı yaradır.

Doktor Kahn qeyd edib ki, meditasiya və ya şüurlu davranış barədə biliyi olmayan insanlar belə bədəni hərəkətə gətirməklə və hiss orqanlarını aktivləşdirməklə təbii şəkildə zehni rahatlıq əldə edə bilərlər.

Mütəxəssislər bildirirlər ki, texnologiyadan uzaq qalmaq ilk vaxtlar çətin və narahatedici görünsə də, zamanla bu hiss azalır və əldə olunan faydalar bu narahatlığa dəyər. Doktor Kahn vurğulayıb ki, həqiqətən anı yaşamağı bacardıqda yaşanan təcrübənin zənginliyi və duyğuların canlılığı heç də darıxdırıcı olmur.

Şahnigar Əhmədova, "İki sahil"