19 dekabr 2025 03:04
227

Qərb nə üçün Cənubi Qafqazda sülh prosesinə selektiv yanaşır?

Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması region dövlətlərinin qarşılıqlı etimada, beynəlxalq hüquqa və mövcud reallıqlara söykənən iradə nümayiş etdirməsini tələb etdiyi bir şəraitdə Avropa İttifaqının (Aİ) və onun əsas institutlarından biri olan Avropa Parlamentinin mövqeyi ciddi suallar doğurur. Ermənistanın maraqlarını önə çəkən, Azərbaycanın haqlı mövqeyini isə məqsədli şəkildə kölgədə qoyan bu yanaşma təkcə qərəzli siyasi mövqe deyil, eyni zamanda bölgədə formalaşmaqda olan sülh gündəliyinə açıq müdaxilə kimi qiymətləndirilə bilər. Son dövrlər Aİ strukturlarında Azərbaycana qarşı müşahidə olunan isterik ritorika və selektiv yanaşmalar göstərir ki, bu qurumlar vasitəçi rolundan uzaqlaşaraq faktiki olaraq regional proseslərin ləngiməsində maraqlı tərəfə çevriliblər.

Vaşinqtonda paraflanmış sülh sazişi layihəsi regionda yeni təhlükəsizlik arxitekturasının əsas konturlarını müəyyənləşdirən mühüm sənəd kimi dəyərləndirilir. Xüsusilə, sazişin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhədlərdə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi barədə üzərlərinə götürdükləri öhdəlik Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir. Lakin Avropa İttifaqının bu müddəaya münasibəti qurumun obyektiv vasitəçi rolundan nə qədər uzaqlaşdığını açıq şəkildə nümayiş etdirir. Aİ-nin Ermənistanda fəaliyyət göstərən Müşahidə Missiyasının (EUMA) mahiyyət etibarilə artıq Azərbaycana qarşı siyasi təzyiq və təbliğat alətinə çevrildiyi gizli deyil. Buna baxmayaraq, Avropa İttifaqı missiyanın fəaliyyətinə xitam vermək əvəzinə onun qorunmasını və hətta tam operativliyinin təmin olunmasını prioritet kimi təqdim edir. Bu yanaşma Vaşinqton razılaşmasına və tərəflərin üzərinə götürdükləri öhdəliklərlə tam ziddiyyət təşkil edir və Aİ-nin ikili standartlarını ən yüksək həddə çatdırır.

Azərbaycanın mövqeyi isə aydın və tam əsaslıdır: sülh gündəliyinə zidd olan bu cür mexanizmlər ya ləğv edilməli, ya da müvafiq sənədlədə ölkəmizin maraqlarını nəzərə alan düzəlişlər olunmalıdır. Əks halda, Avropa İttifaqının sülh prosesinə verdiyi dəstək bəyanatları real addımlarla uzlaşmayan formal çağırışlardan uzağa getməyəcək. Maraqlı məqam ondan ibarətdir ki, Aİ daxilində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə münasibət də yekdil deyil. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosun “Trampın sülh və firavanlıq marşrutu” ilə bağlı nikbin açıqlamaları və bu layihə çərçivəsində investisiya yatırmağa hazır olduqlarını bəyan etməsi Brüsseldə məsələyə fərqli yanaşmaların mövcudluğunu təsdiqləyir. Maraqosun regionda istənilən infrastruktur layihəsinin dəstəklənəcəyini açıq şəkildə vurğulaması Aİ-nin rəsmi mövqeyi ilə daxili siyasi qruplar arasındakı ziddiyyəti üzə çıxarır. Avropa İttifaqı daxilində təsir imkanlarına malik olan müəyyən dairələr, xüsusilə sorosçu şəbəkələr və radikal liberal qruplar  bölgədə formalaşmaqda olan real sülh prosesindən narahatdırlar. Bu qüvvələr üçün sabit və əməkdaşlığa əsaslanan Cənubi Qafqaz deyil, davamlı gərginlik və idarə olunan münaqişə daha əlverişlidir. Məhz bu səbəbdən EUMA kimi mexanizmlər qorunur, sülhə xidmət edən təşəbbüslər isə ya görməzlikdən gəlinir, ya da kölgədə saxlanılır. Bütün bunlar göstərir ki, Cənubi Qafqazda dayanıqlı sülhün taleyi yalnız imzalanan sənədlərdən deyil, həm də beynəlxalq aktorların səmimiyyətindən asılıdır. Avropanın selektiv yanaşması təkcə regional sülh prosesləri və geosiyasi layihələrlə məhdudlaşmır, insan hüquqları məsələsində də açıq-aşkar özünü göstərir. 2025-ci il Ermənistan üçün kütləvi həbslər və genişmiqyaslı repressiyalar ilə  yadda qalsa da, nə Avropa İttifaqından, nə də Avropa Parlamentindən bu proseslərə dair prinsipial və açıq mövqe ortaya qoyulmayıb. Başqa sözlə, “demokratiya” və “insan hüquqları” şüarlarını ön plana çəkən bu qurumlar Ermənistan daxilində baş verənlərə qarşı susqunluq nümayiş etdiriblər. İl ərzində ölkədə müxtəlif sosial və siyasi təbəqələri əhatə edən həbslər dalğası müşahidə olunub. Din xadimləri, iri biznes strukturlarının nümayəndələri, müxalif siyasi qüvvələrin üzvləri və ictimai fəallar ardıcıl şəkildə istintaqa cəlb edilib və həbs olunublar. Bununla belə, nə beynəlxalq media, nə də Qərb dövlətləri bu hadisələri ciddi şəkildə gündəmə gətirməyib və ya açıq şəkildə pisləməyib. Bütün bu faktlar fonunda Avropa İttifaqının Ermənistanda baş verən proseslərə münasibəti açıq şəkildə ikili standartların mövcudluğunu nümayiş etdirir. Bir tərəfdən, insan hüquqları və demokratik dəyərlərdən danışan Aİ, digər tərəfdən, bu dəyərlərin kobud şəkildə pozulduğu hallarda siyasi maraqlar naminə susmağa üstünlük verir. Bu isə qurumun beynəlxalq etimadına ciddi kölgə salır.  Yekunda bütün bu faktlar belə bir məntiqi nəticəni ortaya qoyur. Avropa İttifaqı və onun əsas siyasi institutları Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı tərəf kimi deyil, prosesə kənar təsir göstərməyə çalışan aktor kimi çıxış edir. Ermənistanda kütləvi həbslər, repressiyalar və hüquq pozuntuları fonunda susqunluq nümayiş etdirən Qərb strukturlarının, eyni zamanda, Azərbaycana qarşı ardıcıl dinləmələr keçirmələri və qətnamələr qəbul etmələri “insan hüquqları” anlayışının siyasi alətə çevrildiyini açıq şəkildə göstərir.

Eyni selektiv yanaşma müharibə cinayətləri məsələsində də özünü göstərir. Aİ-nin Azərbaycandan müharibə cinayətlərində ittiham olunan şəxslərin azad edilməsini tələb etməsi, halbuki həmin fiqurların bəzilərinin - o cümlədən Ruben Vardanyanın - beynəlxalq sanksiyalar altında olan və Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlarla bağlılığının məlum olması ciddi ziddiyyət yaradır. Bu yanaşma nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırıla bilməz. Əslində isə Aİ-ni narahat edən əsas məqam Azərbaycan və Ermənistanın üçüncü tərəflərin diktəsi olmadan birbaşa dialoqa üstünlük vermələri, sərhəddə nisbi sabitliyin qorunması və bölgədə real sülh konturlarının formalaşmasıdır. Qərb dairələri üçün bu proseslər Cənubi Qafqazda uzun illər ərzində qurduqları təsir mexanizmlərinin zəifləməsi deməkdir. Üstəlik, Azərbaycanın beynəlxalq arenada artan siyasi və iqtisadi çəkisi, eləcə də müstəqil xarici siyasət kursu bu narahatlığı daha da dərinləşdirir.

Göründüyü kimi, müstəqil, suveren, demokratik və multikultural dövlət olan Azərbaycan Respublikası bu günə qədər riyakarlıqlarla, qərəzli qətnamələrlə, təhdid və təzyiqlərlə çox qarşılaşıb və hamısından da qalib çıxıb.Proseslərin gedişi göstərir ki, , Cənubi Qafqazın gələcəyi kənar müdaxilələrdən deyil, qarşılıqlı hörmətə və suveren qərarlara əsaslanan sülh modeli üzərində qurulacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”