09 aprel 2026 21:58
314

İstifadəsiz torpaqların yenidən kənd təsərrüfatına cəlb edilməsi prioritet istiqamətlərdəndir

Niyazi Əmirbəyov: Missiyamız yerli aqrar istehsalın inkişafını dəstəkləmək, yüksək keyfiyyətli ərzaq təminatına töhfə vermək və müasir aqrar texnologiyaların tətbiqi ilə sektorda uzunmüddətli dəyər yaratmaqdır

Müsahibimiz “Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyovdur.

- İlk olaraq, zəhmət olmasa, “Agro Dairy” şirkətinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz.

- “Agro Dairy” Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən, ölkənin ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatının davamlı inkişafına töhfə verən aparıcı şirkətlərdən biridir. 10 ildən artıq fəaliyyətimiz ərzində bitkiçilik, taxıl emalı, heyvandarlıq və süd məhsulları istehsalı üzrə biznes bölmələrini əhatə edən inteqrasiya olunmuş fəaliyyət modeli formalaşdırmışıq.

Hazırda şirkətimiz 14 ixtisaslaşmış müəssisəni birləşdirərək “torpaqdan süfrəyə” qədər bütün istehsal prosesini - dəyər zəncirini əhatə edir.

Əsas missiyamız yerli aqrar istehsalın inkişafını dəstəkləmək, yüksək keyfiyyətli ərzaq təminatına töhfə vermək və müasir aqrar texnologiyaların tətbiqi ilə sektorda uzunmüddətli dəyər yaratmaqdır. Bu istiqamətdə torpaq və su resurslarından səmərəli istifadə, məhsuldarlığın artırılması və fermerlərlə etibarlı əməkdaşlıq fəaliyyətimizin əsas prioritetlərindəndir.

- Şirkətinizdə kənd təsərrüfatı istehsalının səmərəliliyini artırmaq üçün hansı müasir texnologiyalardan istifadə olunur?

- “Agro Dairy” Qrup çoxşaxəli fəaliyyət göstərsə də, kənd təsərrüfatı texnologiyalarına dair sualınızı bitkiçilik sahəsi üzrə cavablandırmaq daha məqsədəuyğundur. Şirkətimizdə kənd təsərrüfatı istehsalının səmərəliliyini artırmaq məqsədilə müasir və innovativ texnologiyaların tətbiqi sistemli şəkildə genişləndirilir. Peyk görüntüləri vasitəsilə sahələrin vəziyyəti izlənilir və təhlil olunur, dronlarla operativ monitorinq aparılaraq bitkilərdə yaranan dəyişikliklər vaxtında aşkar edilir.

Sahələrdə quraşdırılmış iqlim stansiyaları hava və torpaq göstəricilərini real vaxt rejimində təqdim edir və bu məlumatlar əsasında aqrotexniki qərarlar daha dəqiq verilir. Suvarma sistemləri də bu məlumatlarla inteqrasiya olunaraq avtomatlaşdırılmış şəkildə idarə edilir və resurslardan səmərəli istifadə təmin olunur.

Bunlarla yanaşı, texniki xidmət və təmir proseslərinin səmərəliliyini artırmaq məqsədilə R&M planlama sisteminin AgroVIR platformasına inteqrasiyası həyata keçirilir. Bu sistem texniki xidmət qrafiklərinin idarə olunmasını, nasazlıqların operativ izlənməsini və ehtiyat hissələrinin effektiv idarəsini rəqəmsal mühitdə təmin edir, eyni zamanda, analitik yanaşma ilə iş proseslərinin optimallaşdırılmasına imkan yaradır. Bu texnologiyalar sayəsində qərarvermə daha dəqiq, resurs istifadəsi isə daha səmərəli olur.

- İstifadəsiz qalmış torpaqların yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi istiqamətində hansı yeniliklər tətbiq edirsiniz? Bu günə qədər bu yolla nə qədər ərazi istehsalata cəlb olunub?

- “Agro Dairy” üçün prioritet istiqamətlərdən biri uzun müddət istifadəsiz qalmış torpaqların yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsidir. Bu istiqamətdə əsas fokus torpağın münbitliyinin bərpası və müasir aqrotexnoloji yanaşmalar vasitəsilə məhsuldarlığın artırılmasıdır. Tətbiq etdiyimiz yanaşmalar çərçivəsində pivot suvarma sistemləri qurulub, torpaqbecərmədə minimal və sıfır becərmə üsulları tətbiq edilib. Bu metodlar torpağın strukturunun qorunmasına və resurslardan daha səmərəli istifadəyə imkan verir.

Görülən işlər nəticəsində Ceyrançöl massivinin Samux rayonu üzrə 3495 hektar, Tovuz rayonu üzrə 7078 hektar, Padarçöl massivində isə Hacıqabul və Şamaxı rayonları üzrə ümumilikdə 7322 hektar torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunub. Bu ərazilərdə əsasən buğda, arpa, qarğıdalı, şəkər çuğunduru, günəbaxan və soya kimi müxtəlif bitkilər yetişdirilir.

- Tabeliyinizdə fəaliyyət göstərən müəssisələrin ötən il üzrə məhsuldarlıq göstəriciləri necə olub? Hansı nəticələri xüsusilə qeyd edə bilərsiniz?

- Ötən il “Agro Dairy” təsərrüfatlarında məhsuldarlıq göstəriciləri yüksək olub və bir sıra istiqamətlər üzrə rekord nəticələr əldə etmişik. Ümumilikdə 82,3 min ton yüksək keyfiyyətli buğda və arpa istehsal olunub ki, bu həcmin əsas hissəsi Hacıqabul və Tovuz təsərrüfatlarının payına düşür.

Xüsusilə qeyd etmək istərdim ki, pivot suvarma texnologiyasının tətbiq olunduğu sahələrdə məhsuldarlıq daha yüksək olub. Hacıqabul təsərrüfatında 497 hektar sahədə buğda üzrə 7,8 ton/ha, Tovuz təsərrüfatında isə 1649 hektar sahədə 7,5 ton/ha göstərici ilə region üzrə rekord nəticələr əldə etmişik. Ayrı-ayrı sahələrdə isə məhsuldarlıq 8 ton/ha səviyyəsini keçib. Digər bitkilər üzrə də stabil və yüksək nəticələr əldə etmişik — şəkər çuğunduru və qarğıdalı əkinlərində məhsuldarlıq göstəriciləri sektor üzrə orta səviyyədən xeyli yuxarı olub.

- Bildirilir ki, “Agro Dairy” tərəfindən Azərbaycana yeni taxıl sortlarının gətirilməsi planlaşdırılır. Bu sortlar hansı xüsusiyyətləri ilə seçilir və onların tətbiqi taxılın məhsuldarlığına necə təsir göstərəcək?

- Ölkədə ərzaqlıq buğda üzrə özünütəminetmə səviyyəsinin artırılması və yerli istehsalçıların stimullaşdırılmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq, “Agro Dairy” olaraq fəaliyyətimizi bu istiqamətə uyğun qurur və mövcud dəstək mexanizmlərindən səmərəli istifadə edirik.

Bu çərçivədə əsas fokusumuz iqlim dəyişkənliyinə davamlı və yüksək performans göstəricisinə malik yeni taxıl sortlarının tətbiqidir. Sortları sınaq əkinləri vasitəsilə qiymətləndirir və yalnız yerli şəraitdə effektivliyi təsdiqlənmiş nümunələri geniş istehsalata daxil edirik. Eyni zamanda toxumçuluq fəaliyyətimizi gücləndirərək sertifikatlaşdırılmış və yüksək reproduksiyalı toxumların istifadəsini genişləndiririk. Bu yanaşma məhsuldarlığın artmasına və keyfiyyətin sabit saxlanılmasına imkan yaradır.

Hazırda təsərrüfatlarımızda 8 buğda və 4 arpa sortu becərilir və bu portfel həm yerli, həm də beynəlxalq seleksiya nailiyyətlərini əhatə edir. Portfelimizdə yer alan Finola arpa, Gaudio və Maurizio buğda sortları beynəlxalq bazarda yüksək performans göstəricilərinə malik aparıcı toxum növləri sırasındadır.

Bununla yanaşı, yeni əkin dövriyyəsində Mandarin sortunun tətbiqinə başlamışıq. Bu sort orta tez yetişməsi, quraqlığa davamlılığı və yüksək keyfiyyət göstəriciləri ilə seçilərək perspektivli istiqamət kimi qiymətləndirilir. 

- Gələcəkdə “Agro Dairy” şirkətinin əsas planları nədən ibarətdir?

- “Agro Dairy” olaraq strateji hədəfimiz əldə etdiyimiz nəticələri qorumaqla yanaşı, onları növbəti mərhələyə daşımaq və davamlı inkişafı sistemli şəkildə təmin etməkdir. Bizim yanaşmamız aydındır: məhsuldarlıq, keyfiyyət və texnologiya paralel inkişaf etməlidir.

Gələcək planlarımız süni intellekt və rəqəmsal həllərin tətbiqi ilə əməliyyatların səmərəliliyini artırmaq, məhsuldarlıq və keyfiyyət göstəricilərini daha yüksək səviyyəyə çatdırmaq üzərində qurulub. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə fəaliyyətimizin genişləndirilməsi strateji prioritetlərimizdəndir. Qarabağda artıq başladığımız orqanik kənd təsərrüfatı fəaliyyətini genişləndirir, suvarma və dəmyə əkinçilik modellərini tətbiq edir, Samux, Tovuz və Hacıqabul rayonlarında əldə etdiyimiz innovativ təcrübəni həmin ərazilərə transfer edirik.

Fəaliyyətimizi vahid dəyər zənciri prinsipi əsasında qururuq. Bu zəncir bitkiçilikdən başlayaraq taxıl emalı, yem istehsalı, heyvandarlıq və süd emalı istiqamətləri ilə tamamlanır. Bitkiçilik sahəsində əldə etdiyimiz məhsullar taxıl emalı üçün xammal bazasını formalaşdırır, burada istehsal olunan qüvvəli yemlər isə heyvandarlıq təsərrüfatlarımızın dayanıqlı inkişafını təmin edir. Bu yemlərin mühüm hissəsi Ağdaş və Qəbələdə yerləşən öz istehsal müəssisələrimizdə hazırlanır.

Taxıl emalı və yem istehsalı istiqamətində əsas məqsədimiz quş yemi bazarında lider mövqeyimizi qorumaq və daha da gücləndirməkdir. Bu məqsədlə beynəlxalq standartlara uyğun, bazarda rəqabət üstünlüyü yaradan yüksək keyfiyyət təmin olunur, aqroparklar və iri heyvandarlıq kompleksləri üçün isə fərdiləşdirilmiş yem rasionları hazırlanaraq satış həcminin artırılması nəzərdə tutulur. Eyni zamanda, soya emalı həcmlərini artıraraq və strateji tərəfdaşlıqlar vasitəsilə günəbaxan və pambıq yağı istehsalını inkişaf etdirərək idxaldan asılılığı azaltmaq və lokallaşdırılmış dəyər zənciri yaratmaq hədəflənir. Un istehsalında B2C seqmentinə fokuslanaraq, premium brend portfeli ilə pərakəndə satışda pay əldə etməyi, taxıl emalının yan məhsullarını xarici bazarlara yönəltməklə dayanıqlı xarici valyuta axınını təmin etməyi və ixrac gəlirlərini yüksəltməyi planlaşdırırıq.

Heyvandarlıq sahəsində əsas fokus mövcud aktivlərin səmərəli idarə olunması, fermalarda optimizasiya modelinin gücləndirilməsi və məhsuldar cinslərin cəlbi hesabına istehsal göstəricilərinin mərhələli şəkildə artırılmasıdır.

Dəyər zəncirinin son mərhələsində əldə olunan süd “Milla” süd emalı müəssisələrinə yönləndirilir və burada yüksək keyfiyyət standartlarına uyğun məhsullara çevrilir. Bu istiqamətdə əsas məqsədimiz ölkə daxilində ən çox üstünlük verilən brend statusunu qorumaq, məhsul portfelini genişləndirərək yeni kateqoriyalara daxil olmaq və bazar liderliyimizi daha da möhkəmləndirməkdir. Eyni zamanda, Gürcüstan bazarında güclü mövqe qazanmaq, Mərkəzi Asiya regionunda istehsal və satış imkanlarını genişləndirməklə beynəlxalq mövcudluğumuzu artırmaq prioritetlərimiz sırasındadır.

Beləliklə, bitkiçilikdən başlayaraq emal, heyvandarlıq və süd məhsulları istehsalına qədər uzanan inteqrasiya olunmuş yanaşmamız vahid, səmərəli və dayanıqlı aqrar biznes modelinin formalaşdırılmasına xidmət edir.

- Sonda aqrar sahədə fəaliyyətə başlayan və uğur qazanmaq istəyən fermerlərə hansı tövsiyələri vermək istərdiniz?

- Fermerlərə əsas tövsiyəm fəaliyyətlərini yalnız ənənəvi üsullarla məhdudlaşdırmamaları, müasir texnologiyaları, idarəetmə alətlərini və bazar yönümlü düşüncəni gündəlik işlərinin ayrılmaz hissəsinə çevirmələridir. Aqrar fəaliyyətə başlamazdan əvvəl dövlətin kənd təsərrüfatı üzrə prioritetlərini, mövcud dəstək və sığorta mexanizmlərini, eləcə də bazarın real tələblərini dərindən anlamaq vacibdir. Məhz bu yanaşma riskləri minimuma endirir və uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm təməl yaradır.

Fermerlər, eyni zamanda, dəyişən mühitə uyğunlaşmalı, biliklərini daim yeniləməli və sosial media platformaları, təlimlər və seminarlar kimi maarifləndirici resurslardan aktiv istifadə etməlidirlər. Bu imkanlardan düzgün yararlananlar rəqabət üstünlüyü əldə edir.

“Agro Dairy” olaraq biz fermerlərlə bilik və təcrübə paylaşımını strateji istiqamət kimi müəyyən etmişik. Bu istiqamətdə mütəmadi olaraq maarifləndirici təşəbbüslər həyata keçirir, təlimlər, vorkşoplar və “Açıq qapı” günləri təşkil edirik. Fermerləri bu imkanlardan fəal istifadə etməyə, daha innovativ və dayanıqlı istehsal modelinə keçməyə dəvət edirəm.

Orxan Vahidoğlu, “İki sahil”