19 dekabr 2025 11:03
133

Əhliman Əmiraslanov: Həkimləri Təkmilləşdirmə İnstitutunun hərtərəfli inkişafında və tanınmasında Əziz Əliyevin rolu son dərəcə böyük olub

Həkimləri Təkmilləşdirmə İnstitutunun hərtərəfli inkişafında və tanınmasında Əziz Əliyevin rolu son dərəcə böyük olub. Onun bu instituta rəhbərlik etdiyi dövrdə institutun kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib, elmi və praktik fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə edilib. Ümumilikdə institut fəaliyyət göstərdiyi müddət ərzində olduqca böyük uğurlara imza atıb.

“İki sahil” xəbər verir ki,  bunu Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqresdə deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, institutun inkişafının növbəti mühüm mərhələsi isə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu dövrdə Ümummilli Liderin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı institutdan da yan keçməyib, nəticədə bu mərhələ institutun çiçəklənmə dövrü kimi xarakterizə olunub. “Həmçinin dünya miqyasında tanınan bir çox tibb mütəxəssisi müxtəlif dövrlərdə bu institutda fəaliyyət göstərib, təhsil alıb. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da bu institutda müəyyən müddət təhsil alması və elmi fəaliyyət göstərməsi institutun nüfuzunun artmasında mühüm rol oynayıb. Bu gün isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğı hər kəsin gözü önündədir. Xüsusilə icbari tibbi sığortanın uğurla tətbiqi nəticəsində əvvəllər əlçatmaz hesab edilən bir çox mürəkkəb əməliyyatlar artıq vətəndaşlar üçün ödənişsiz şəkildə həyata keçirilir. Son ayların ən sevindirici xəbərlərindən biri isə Qafqaz regionunda ilk dəfə ürək transplantasiyasının uğurla icra olunmasıdır”, - deyə deputat vurğulayıb.