2026-cı ildə Bakı bulvarında IV Sənaye İnqilabı Mərkəzi yaradılacaq.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun təşkil etdiyi "Sənaye 4.0: Hakaton 2025" tədbirində deyib.
"Həmin mərkəzdə həm sənayenin problemləri əks olunacaq, həm istehsal xətləri, həm müasir texnoloji şirkətlər öz həllərini, həmdə gənclər, bizneslərin, sahibkarların problemi ilə bağlı öz həllərini prototip olaraq təqdim edəcəklər",-deyə o qeyd edib.
Onun sözlərinə görə, bu yaxınlarda təsdiq edilən rəqəmsal iqtisadiyyat strategiyası bir sıra mühüm təşəbbüslərin həyata keçirilməsini ehtiva edən böyük sənəddir: "Təqribən 8 əsas layihə olmaqla, ümumilikdə 50-dən çox gələcəyə yönəlik təşəbbüslər var. Bunların içərisində startapların dəstəklənməsi, vençur fondların yaradılması, kraudfandinq platformasının formalaşması, beynəlxalq konfransların təşkili, Sənaye 4.0 mərkəzinin yaradılması var. Bundan başqa, buraya gənclərin alacağı beynəlxalq sertifikatların maliyyəsinin dövlət tərəfindən qarşılanması, xaricdə təhsil proqramının sahəvi proqramlarının hazırlanması, beynəlxalq sahəvi konfransların Azərbaycanda təşkili daxildir. Bu ekosistemin inkişaf etdirilməsi, hərtərəfli layihələrin dəstəklənməsi Azərbaycanda rəqəmsal iqtisadiyyatın da inkişafına böyük töhfə verəcək".