19 dekabr 2025 16:38
112

“Birlikdə 5 il” Könüllülər Festivalı

Dekabrın 18-də “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində “Birlikdə 5 il” Könüllülər Festivalı baş tutub.

“İki sahil” xəbər verir ki, festivalda ölkənin aparıcı könüllü və gənclər təşkilatlarının rəhbər və nümayəndələri, 3000 minə yaxın könüllü gənc iştirak ediblər. Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) yaradılmasının 5 illiyi münasibətilə keçirilən festival Azərbaycan Respublikasının Gənclər Fondu və “ICESCO”nun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”, “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib.

Festivalın əsas məqsədi Azərbaycanda könüllülük hərəkatının inkişafını təşviq etmək, könüllülərin cəmiyyətin sosial, mədəni və ictimai həyatındakı rolunu ön plana çıxarmaq, fəal könüllüləri dəyərləndirmək, gənclərin ictimai fəallığını artırmaqla yanaşı, könüllü fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstəyi diqqətə çatdırmaq və könüllülüyün dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirmək olub.

Festivalın açılışında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış edərək, ölkədə könüllülük hərəkatının inkişafından, son 5 il ərzində görülən işlərdən və əldə olunan nailiyyətlərdən bəhs edib. O, həmçinin artıq 7-ci dəfədir ki, keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2025” ilə bağlı yekun statistikanı iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra 2025-ci il üzrə “Fəal Könüllülər” təltif olunub. Mükafatlandırma zamanı könüllülərin il ərzində göstərdikləri fəallıq, müxtəlif layihələrdə aktiv iştirakı, cəmiyyətə verdikləri töhfə, məsuliyyətli və fədakar fəaliyyəti xüsusi olaraq vurğulanıb.

Tədbir istedadlı Azərbaycan Könüllülərinin, gənc müğənnilərin və dj musiqilərinin səsləndirilməsi ilə davam edib.

Sonda könüllü gənclər üçün müxtəlif viktorinalar və yarışlar keçirilib. Qalib gələn gənclərə mükafatlar təqdim olunub.