20 dekabr 2025 01:26
88

Elektron siqaretlərin qadağası cəmiyyəti hansı təhlükələrdən xilas edəcək?

Ümumdünya Səhiyyə Təşkilatının yanaşmasına görə, tütün məmulatlarından imtina məqsədilə elektron siqaretlərin təşviqi ilkin mərhələdə müəyyən ümidlər doğursa da, sonrakı illərin nəticələri bu metodun gözlənilən səmərəni vermədiyini açıq şəkildə göstərib. Təcrübə göstərir ki, siqareti tərgitmək məqsədilə alternativ kimi təqdim olunan elektron siqaretlər əksər hallarda asılılığın aradan qalxmasına deyil, onun yeni və daha gizli formasının yaranmasına səbəb olur.

Elektron siqaretlər bazara çıxarıldığı dövrdə “nikotinsiz” və ya “az zərərli” vasitə kimi təqdim edilsə də, zamanla məlum olub ki, bu cihazların böyük əksəriyyəti nikotin tərkibinə malikdir və istifadəçilər getdikcə daha yüksək dozalı nikotin məhsullarına yönəlirlər. Bu isə artıq sağlamlıq məqsədindən uzaqlaşaraq, elektron siqaretlərin kommersiya maraqlarına xidmət edən uğurlu bir ticarət strategiyasına çevrildiyini göstərir. Rəngarəng dizayn, müxtəlif dad seçimləri və aqressiv reklam kampaniyaları bu məhsulların xüsusilə gənclər arasında sürətlə yayılmasına şərait yaradıb. Araşdırmalar göstərir ki, ənənəvi siqareti tərgitmək məqsədilə elektron siqaretə başlayanların böyük əksəriyyəti gözlənilən nəticəni əldə edə bilmir. Statistik məlumatlara görə, bu məqsədlə veyp istifadəsinə başlayanların təxminən 80 faizi zamanla elektron siqaretdən asılı vəziyyətə düşür. Yalnız 20 faizə yaxın istifadəçi həm tütün məmulatlarından, həm də elektron siqaretdən tam imtina edə bilir. Bu fakt bir daha sübut edir ki, elektron siqaretlər tütün məmulatlarından istifadəni tərgitmək üçün etibarlı və effektiv vasitə hesab edilə bilməz. Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, elektron siqaretlərin istifadəsi gənclər və yeniyetmələr arasında daha sürətlə yayılır. Bu yaş qrupunda nikotin asılılığı daha tez formalaşır və uzunmüddətli sağlamlıq riskləri xeyli artır. Erkən yaşda nikotin qəbulunun beyin inkişafına mənfi təsiri, davranış pozuntuları və gələcəkdə digər zərərli vərdişlərə meyli gücləndirdiyi elmi araşdırmalarla təsdiqlənib. Nəticə etibarilə, elektron siqaretlərin tütün məmulatlarını tərgitmək üçün effektiv vasitə olduğu barədə formalaşdırılan təsəvvürlər özünü doğrultmayıb. Erkən yaşda nikotinə alışmaq beynin inkişafına mənfi təsir göstərir, diqqət və yaddaş funksiyalarını zəiflədir.

Amerikalı alimlərin apardığı son elmi araşdırmalar elektron siqaretlərin tərkibindəki bəzi əlavələrin insan sağlamlığı üçün son dərəcə təhlükəli olduğunu üzə çıxarıb. Məlum olub ki, elektron siqaretlərə dad və qoxu vermək məqsədilə əlavə edilən nanə və mentol maddələri ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə bu məhsullarda istifadə olunan pulegon adlı kimyəvi maddə xərçəng riski ilə birbaşa əlaqələndirilir. Araşdırmalara əsasən, pulegon maddəsi nanədən əldə edilən yağın tərkibində mövcuddur. Həmin yağ əvvəllər konfet və saqqız kimi məhsullara əlavə olunsa da, aparılan elmi qiymətləndirmələr onun təhlükəli olduğunu göstərib. Nəticədə ABŞ Qida və Dərman Administrasiyası (FDA) bu maddənin istifadəsini qadağan edib. Qadağanın əsas səbəbi pulegonun orqanizmdə kanserogen təsir göstərməsi və xərçəng riskini artırmasıdır. Buna baxmayaraq, bu maddə hələ də bəzi elektron siqaret mayelərinin tərkibində qalmaqda davam edir.

Elektron siqaretlərin zərərli təsiri ilə bağlı oxşar nəticələr Avropada aparılan tədqiqatlarda da təsdiqlənib. Kopenhagen Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar göstərib ki, elektron siqaretlər ağciyər xəstəliklərinin artmasına səbəb olur. Bundan əlavə, bu məhsullar qan damarlarında tromb yaranması riskini artırır və nəticədə ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır. Alimlər elektron siqaret istifadəsini həm ürək tutması, insult və stenokardiya ilə, həm də cinsi sağlamlıq problemləri ilə əlaqələndirirlər. Mütəxəssislərin qənaətinə görə, elektron siqaretlər nə qədər “müasir” və “zərərsiz” kimi təqdim edilsə də, əslində sağlamlıq üçün təhlükə yaradan başqa bir nikotin məhsuludur. Bu cihazlar zərərin mahiyyətini aradan qaldırmır, sadəcə onun formasını dəyişir. Odur ki, sağlamlıq baxımından ən doğru seçim nə adi siqaret, nə də elektron siqaretdir. Ən düzgün və təhlükəsiz yol nikotin tərkibli bütün məhsullardan uzaq durmaq və sağlam həyat tərzinə üstünlük verməkdir.

Ölkəmizdə elektron siqaretlərin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı mühüm addım atılıb. Belə ki, elektron siqaretlərə qadağa nəzərdə tutan qanunvericilik təşəbbüsü Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Təklif olunan dəyişikliklər ölkədə bu məhsulların istifadəsinin və yayılmasının qarşısını almağı hədəfləyir. Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların bütün komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, eləcə də topdan və pərakəndə satışı tam şəkildə qadağan edilir. Bununla yanaşı, sözügedən məhsulların istifadəsinə də məhdudiyyət tətbiq olunacaq. Məqsəd ictimai sağlamlığı qorumaq və xüsusilə gənclər və yeniyetmələr arasında elektron siqaret istifadəsinin qarşısını almaqdır. Layihədə nəzərdə tutulan dəyişikliklər qəbul edildiyi təqdirdə, qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək. Bu tarixdən etibarən Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, həmçinin istifadəsi qanunla qadağan olunacaq.

Beləliklə, yeni qanun təşəbbüsü elektron siqaretlərin ölkə ərazisində dövriyyəsini dayandırmaqla əhalinin sağlamlığının qorunmasına yönəlmiş ciddi və prinsipial addım kimi qiymətləndirilir.

Şəmsiyyə Əliqızı, “İki sahil”