20 dekabr 2025 11:45
91

Nazir: Miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır

Baş ağrılarının idarə olunmasının tarixi tibbin inkişaf yolunu tam əks etdirir. Min illər əvvəl baş ağrısı tibbi hal kimi deyil, mistik bir hadisə kimi hesab edilirdisə, bu gün klinik nevroloji problem kimi deyil, əhəmiyyətli ictimai səhiyyə məsələsi kimi qiymətləndirilməlidir. Onun geniş yayılması, yüksək əlillik yükü, sosial iqtisadi təsirləri miqrenin müasir səhiyyə siyasətinin diqqət mərkəzinə gətirir. Miqrenin ictimai səhiyyə problemi kimi qəbul edilməsi bir neçə strateji yanaşmanı zəruri edir. İlk növbədə, miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır.

“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci illik beynəlxalq konfransında çıxışı zamanı deyib.

Dekabrın 19-da Səhiyyə Nazirliyində bir sıra qabaqcıl mütəxəssislərlə görüş keçirildiyini qeyd edən nazir bildirib: "Tam əminliklə deyə bilərik ki, artıq miqrenin respublikamızda idarə olunmasına dair yol xəritəsinin hazırlanması barədə ilkin müzakirələr aparılıb. Belə ki, ilkin mərhələdə ən mütləq amil kimi ölkəmizdə dünya praktikasına əsaslanan, ən müasir müalicə və diaqnostika metodlarını özündə əks etdirən milli protokolun qəbul edilməsi əsas götürülüb. Bundan sonra ölkəmizdə müasir müalicə üsullarının əlçatanlığını təmin etmək məqsədilə ən qabaqcıl dərman vasitələri və digər üsulların ölkəmizdə sürətli şəkildə qeydiyyatdan keçirilməsi və əhalinin bu müalicələrə əlçatanlığını təmin etmək mövzusu müzakirə olundu. Növbəti mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfinə xroniki miqrenin idarə olunmasının da daxil olunması məsələsi gündəmə gəlir. İnanıram ki, növbəti bir il- il yarım ərzində bu istiqamətdə ciddi irəliləyişlərə nail olacağıq. Eyni zamanda, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. İlkin səhiyyə xidmətində çalışan tibb işçiləri miqrenin erkən əlamətlərini tanımalı, düzgün yönləndirmə və ilkin müalicə aparmaq imkanına malik olmalıdır. Həmin yanaşma ixtisaslaşmış xidmətlərə düşən yükü də xeyli azaldır”.

Nazir əlavə edib ki, müasir dövrdə rəqəmsal səhiyyə həlləri və sağlamlıq məlumat sistemləri də miqrenin ictimai səhiyyə səviyyəsində idarə olunmasına yeni imkanlar yaradır. Epidemioloji məlumatların toplanması, xəstə yükünün ölçülməsi və xidmətlərin effektivliyinin qiymətləndirilməsi sübuta əsaslanan siyasi qərarların qəbuluna imkan verir".