20 dekabr 2025 16:08
71

8-ci Uşaq Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 8-ci Uşaq Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində gerçəkləşən tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov bu cür yarışların keçirilməsini sevindirici hal kimi qiymətləndirib. Nazir qeyd edib ki, uşaqlar cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyevdən ilham alır və gələcək yarışlara daha böyük motivasiya ilə hazırlaşırlar. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev idmançılara gələcək fəaliyyətlərində onlara hər zaman dəstək göstəriləcəyini söyləyib. O vurğulayıb ki, paralimpiyaçıların cəmiyyətə inteqrasiyası istiqamətində geniş tədbirlər həyata keçirilir və bu cür yarışlar onların inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev uşaqlara müraciət edərək əsl gücün fiziki imkanlarda deyil, qəlbdə və ruhda olduğunu deyib. O qeyd edib ki, bu yarışda iştirak edən bütün idmançılar qalibdir. MPK rəhbəri bu uşaqların gələcəkdə Azərbaycanı nüfuzlu turnirlərdə layiqincə təmsil edəcəklərinə inandığını diqqətə çatdırıb.

İlham Zəkiyev isə vurğulayıb ki, gələcəkdə bu uşaqlar arasından Paralimpiya və dünya çempionları yetişəcək. O bildirib ki, paralimpiyaçıların məşq edə bilməsi üçün hər cür şərait yaradılıb və valideynlərin də övladlarına daim dəstək olması vacibdir.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Yarışda 130 uşaq 8 idman növü (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparır.

Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunması ilə Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni idmançı nəslinin formalaşdırılmasıdır.